XƏBƏRLENTİ

xeberlenti.com

“Molla Nəsrəddin”in birinci sayının nəşrindən 117 il ötür

Aprelin 7-də Azərbaycanın və Yaxın Şərqin ilk satirik-yumoristik jurnalı olan “Molla Nəsrəddin”in birinci sayının nəşrindən 117 il ötür.

Dərginin ilk nömrəsi 1906-cı ilin aprelin 7-də Gürcüstanın paytaxtı Tbilisidə işıq üzü görüb.

1906-17-ci illərdə Tbilisidə, 1921-ci ildə Təbrizdə, 1922-31-ci illərdə Bakıda nəşr edilib.

Təsisçiləri Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və maarifpərvər tacir Məşədi Ələsgər Bağırzadə, müdiri və baş mühərriri (redaktoru) Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tbilisidə, səkkizi Təbrizdə, 400-ü Bakıda) çıxıb.

Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə 1906-cı il fevralın 21-də Tiflis qubernatoruna ərizə ilə müraciət edərək “Molla Nəsrəddin” adlı satirik-yumoristik jurnal çıxarmasına icazə istəyib. Bu təşəbbüsü o zaman Qafqazda Rusiyanın digər yerlərində çıxan Azərbaycan, rus və tatar qəzetləri bəyəniblər, bu barədə xəbərlər yayılıb.

“İrşad”, “Həyat”, “Tərcüman”, “Vozrojdeniye”, “Kaspi”, “Baku”, “Novoye obozreniye”, “Kavkazskoye utro”, “Na povorote” qəzetləri “Molla Nəsrəddin”i çıxarmaq təşəbbüsü barədə oxuculara xəbər veriblər.

Jurnalın nəşrinə icazə verilməsi haqqında xəbəri ilk dəfə 1906-cı il fevralın 24-də “Novoye obozreniye” qəzeti, fevralın 26-da “Kavkazskoye utro” qəzeti, martın 1-də isə “Kaspi” qəzeti dərc edib.

Martın 4-də jurnalı çıxarmaq üçün Mirzə Cəlilə Tiflis qubernatoru dəftərxanası tərəfindən şəhadətnamə verilib.

Tiflis qubernatoru dəftərxanası tərəfindən verilən şəhadətnamədə jurnalın məqalələr, kəskin tənqidlər, felyetonlar, məzhəkəli şeirlər, məzəli teleqramlar, satirik hekayələr, lətifələr, poçt qutusu, məzhəkəli elanlar, xüsusi elanlar və karikaturalar və illüstrasiyalar proqramları müəyyənləşib.

Müəyyən olunmuş bu proqrama uyğun şəkildə Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə jurnalın ilk sayını çapa hazırlayıblar. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxıb.

Jurnalın 7 aprel tarixli ilk sayında Mirzə Cəlilin “Molla Nəsrəddin” imzası ilə “Tiflis 7 aprel” sərlövhəli baş məqaləsi, “Məcmuəmizə müştəri olanlara nəsihət”, “Molla Nəsrəddinin teleqramları”, “Bilməli xəbərlər”, “Dəllək”, “Atalar sözü” və digər yazılar, həmçinin dörd müxtəlif karikatura və bir neçə elan dərc olunub.

Jurnalın birinci nömrəsi 1 000 nüsxə tirajla çap olunub yayılandan sonra az müddətdə “Molla Nəsrəddin” populyarlaşdı. “Molla Nəsrəddin”in cəsarətli çıxışları onunla nəticələndi ki, 1907-ci ilin iyunun 8-də Tiflis general-qubernatoru jurnalın bağlanması haqqında əmr verir və bu xəbər xalq arasında böyük narazılıqlara səbəb oldu. Bakıdan, Şəkidən, Qafqazın bir sıra başqa yerlərindən Tiflis qubernatorluğuna jurnalın nəşrinin bərpasını tələb edən məktublar gəlirdi.

Qəzetlər etiraz bildirən məktublar çap edirdilər. “İrşad” qəzeti “belə düz məsləkli qəzetin meydandan çıxarılmasına” təəssüfləndiyini bildirib. Qəzetdə Ömər Faiq Nemanzadənin “Molla Nəsrəddin” sərlövhəli məqaləsi çap olunub.

Müəllif jurnalın bağlanmasına səbəbkar olan mühafizəkar və cəhalətpərəst ruhaniləri kəskin tənqid edirdi. Hökumət xalqın tələbləri qarşısında jurnalın bərpasına icazə verir.

Jurnal fasilələrlə çap olunmağa davam edir.

Uzun fasilədən sonra jurnal 1917-ci il fevralın 9-dan çapını yenidən bərpa edir.

Rus imperiyası daxilində baş verən inqilabi proseslər, xalqların öz müqəddəratını təyinetmə arzuları “Molla Nəsrəddin”çiləri, o cümlədən C.Məmmədquluzadəni düşündürməyə bilməzdi. C.Məmmədquluzadənin 1917-ci ilin noyabrında dərc olunan “Azərbaycan” məqaləsi bu istəkdən doğurdu.

1918-ci ilin yanvarında ictimai-siyasi vəziyyətlə əlaqədar olaraq jurnal yenidən nəşrini dayandırdı. Mirzə Cəlil 1918-20-ci illərdə yoldaşı Həmidə xanım Cavanşirlə birlikdə Qarabağa getdi və bir müddət Kəhrizli kəndində yaşadı. Xalq Cümhuriyyəti quruculuğu prosesində bilavasitə iştirak etməsə də, o, müstəqil dövlətçilik ideyasını dəstəkləyirdi.

1920-ci ildə Cəlil Məmmədquluzadə öz ailəsi ilə köçüb Cənubi Azərbaycana getdi və 1921-ci ilin fevralında “Molla Nəsrəddin”in nəşrini Təbrizdə yenidən bərpa etdi. Təbrizdə jurnalın 8 nömrəsi işıq üzü gördü. Sovet hökumətinin təşəbbüsü ilə 1922-ci ilin iyununda “Molla Nəsrəddin”in nəşri Bakıya köçürüldü və jurnal 1931-ci ilə qədər burada dərc olundu.

About Author