XƏBƏRLENTİ

xeberlenti.com

Ukraynanın hücum planı mediaya necə sızıb? – “Moskva bu sənədlərdən çoxlu faydalı məlumatlar əldə edə biləcək”

Pentaqon Ukrayna ordusunun gözlənilən hücumu ərəfəsində Ukraynaya yardım planlarına dair məxfi materialları mətbuata sızdıran mənbəni axtarır.

Bu barədə Co Bayden administrasiyasının yüksək rütbəli rəsmilərinə istinadən “New York Times” qəzeti məlumat yayıb. Qeyd olunur ki, məxfi məlumatlar son günlər “Twitter” və “Telegram”da peyda olub.

Bu materiallarda hücuma hazırlanan Ukrayna bölmələrinin bəzilərinin tərkibi və silahları, döyüş sursatı və hərbi texnikanın çatdırılması qrafikləri haqqında məlumatlar var.

Sənədlərdə adı çəkilən 12 briqadadan 9-u Ukraynanın Qərb müttəfiqlərinin köməyi ilə təchiz edilir. Sənədlərə əsasən onların təchiz edilməsi üçün 250 tank və 350 piyada döyüş maşını lazımdır. Qəzetin həmsöhbətləri bildiriblər ki, sənədlərdə Ukrayna Baş Qərargahının planlaşdırdığı hücum planları yoxdur.

“New York Times” mənbələrinə görə, məsələn, Rusiya və Ukraynanın itkiləri barədə məlumatların yer aldığı sənədlərin bir hissəsi saxta görünür. Cədvəllərdən birində Rusiya itkilərinin səviyyəsi 17,5 min ölü, ukraynalılar itkiləri 71,5 min olaraq qiymətləndirilir ki, bu da Pentaqonun 200 minə yaxın həlak olmuş və yaralanmış Rusiya hərbçisi və 100 mindən çox Ukrayna hərbçisinin öldüyü və yaralandığı barədə məlumatlarına ziddir.

“The New York Times” bu sənədlərin sızdırılmasını Rusiya ordusunun Ukrayna ərazisinə müdaxiləsi başlayandan bəri Rusiya kəşfiyyatının ən böyük uğuru adlandırır. Qəzetin həmsöhbətləri bu məlumatların çoxunun artıq köhnəldiyini vurğulayaraq, martın əvvəlindəki vəziyyəti təsvir ediblər. Buna baxmayaraq, Moskva bu sənədlərdə çoxlu faydalı məlumatlar əldə edə biləcək. Məsələn, bu, HIMARS raket sistemləri üçün döyüş sursatı xərcinin miqdarını göstərir ki, onlardan Ukrayna ordusunin nə qədər istifadə etdiyini öyrənmək mümkündür.

Məlumdur ki, Kiyev müharibənin əvvəlində bu məlumatların sızmasından narahat olduğu üçün öz planlarını Vaşinqtonla bölüşməkdən imtina edib. Son aylarda iki ölkə arasında hərbi planlaşdırma əməkdaşlığı genişlənib. Belə bir sızma sözsüz ki, bu prosesə mənfi təsir göstərəcək.

Rasim

About Author