Baş prokuror bildirib ki, bu ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib
Bu il 28 şəxs cinayət başında yaxalanıb. Bunu Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən 85 cinayət işi başlanılmış, keçirilmiş 19 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 28 şəxs cinayət başında yaxalanmış, habelə 18 nəfər axtarışda olan şəxs saxlanılıb.
Həmçinin, bildirilib ki, birinci yarımil ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fəaliyyət göstərən “161 Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 2700 müraciətdən 43-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.
Baş prokuror onu da bildirib ki, bu ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib. 7 nəfər vəzifədən azad edilib, 17 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb.
O bildirib ki, intizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində toplanmış xidməti yoxlama materiallarının 14-ü Baş Prokurorluğun İntizam Komissiyasında, 6-ı isə Etik Davranış Komissiyasında baxılıb.
Qeyd olunub ki, həmin müddətdə 222 prokurorluq işçisi həvəsləndirilib, 6 prokurorluq işçisinə isə vaxtında əvvəl rütbə verilib.
Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı bildirib ki, bu ilin I yarımilində cinayət işləri üzrə 60 milyon 860 min manatın ödətdirilməsi təmin edilib.
O qeyd edib ki, respublika üzrə ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə 151 milyon 424 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 40,2 faizinin, yəni 60 milyon 860 min manat hissəsinin ödənilməsinə nail olunub.
K.Əliyev vurğulayıb ki, prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 43 milyon 136 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 40,4 faizinin, yəni 17 milyon 407 min manat hissəsinin ödənilməsinə nail olunub, 4 milyon 368 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.
Baş prokuror çıxışında bildirib ki, əvvəlki illərdən bağlı qalmış 4 xüsusilə ağır cinayətin üstünün açılması təmin edilib.
Əlavə edib ki, bu ilin birinci yarımilində prokurorluq, daxili işlər, dövlət təhlükəsizliyi və penitensiar xidmət orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış 4 qəsdən adam öldürmə cinayətin üstünün açılması, habelə, qeyri-aşkar şəraitdə törədilmiş 20 qəsdən adam öldürmə cinayətinin isti izlərlə açılması təmin edilib.