XƏBƏRLENTİ

xeberlenti.com

Hüseynbala Səlimov – Qərb Ermənistanı Rusiyadan qopara biləcəkmi…

Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Moskva görüşü daha çox görüş ərəfəsi iki məqamla yadda qaldı.

Birincisi, görüş ərəfəsində Ermənistanın baş naziri bəyan etdi ki, dünyada Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımayan dövlət yoxdur.

Bəli, bu, çox mühüm bəyanat idi və onu dilə gətirmək elə də asan məsələ deyil. Amma bu bəyanatlar davamı olmalı və onlar ikitərəfli sənədlərdə öz inkişafını və inikasını tapmalıdır, fəqət, təəssüf ki, bunu hələ görmürük – ən optimist təhlilçilər belə bu il sülh sazişinin imzalana biləcəyini güman etmirlər.
İkinci detal budur ki, artıq Moskva da “Dağlıq Qarabağ” kəlməsini işlətməməyə çalışır. Bunun özü də mühüm addım hesab edilməlidir və bir daha göstərir ki, Kreml də bir çox məsələlərdə Bakı ilə hesablaşır və yaxud da hesablaşmağa cəhd edir.

Amma təəssüf ki, bütün bu detallar konkret nəticələrə gətirib çıxarmır. Açığı, Moskva görüşü ilə bağlı bizim böyük ümidlərimiz yox idi və burada ciddi irəliləyişlərin olacağını güman etmirdik.

Təsadüfi deyil ki, Moskva Bakı ilə İrəvanın çox çətinliklə anlaşdığını bəyan etdi. Əslində bu, Kremlin arzusudur. Ən azı ona görə ki, digər formatlarda bunun əksi deyilir. Odur ki, Moskva ikibaşlı oyun oynayır – əgər Qərb görüşləri Azərbaycanla Ermənistanı birləşdirmək üçün edirsə, Moskva, əksinə, bunu onları ayırmaq üçün edir.

Biz artıq adət etmişik ki, hər dəfə Vaşinqtonda və Brüsseldə görüş keçirilərkən Kreml tərəfləri Moskvada da toplayır ki, Qərbin səylərini sıfırlasın. Amma bunu etmək elə də asan məsələ deyil, odur ki, Rusiya tamam çaş-baş qalıb – bir tərəfdən tərəfləri ayırmaq üçün hər şeyi edir, digər tərəfdən isə ehtiyat edir ki, birdən tərəflər onsuz razılaşma əldə edə bilər. Elə bu səbəbdən də son görüşdə Moskvanın xüsusi sammit keçirə biləcəyi də bəyan olundu.

Rusiyanın işini çətinləşdirən budur ki, Qərb Ermənistana təzyiq edir. Bəli, İrəvan əvvəlki rəhbərliklərin vaxtında olduğu kimi bunu nəzərə almaya və Rusiyaya daha sıx sığınmaqla kompensasiya edə bilərdi. Ancaq Ermənistanın indiki rəhbərliyi bunu etmir. İrəvanda başa düşürlər ki, Qərblə hesablaşmaq lazımdır, çünki ölkənin inkişafı onun dediklərindən keçir.

Bəzən belə fikirlər səslənir ki, guya Qərbin Ermənistanı Rusiyadan qoparmaq imkanları, demək olar, yox dərəcəsindədir.

Burada qeyd edək ki, Qərb Rusiya “sülhməramlıları”nın bölgəni tərk etməsindən sonra Gümrüdəki hərbi bazanı da onların ardınca yola salmağı planlaşdırır. Mümkündürmü? Düşünürük ki, mümkün olmayan bir şey yoxdur, əsas bunu istəməkdir.

Yada salaq ki, SSRİ-nin çöküşü ərəfəsində də bunun mümkün olmadığı deyilirdi və əsas da iqtisadi əlaqələr dilə gətirilərək deyilirdi ki, o vaxtki müttəfiq respublikalar iqtisadi cəhətdən biri-birnə o qədər bağlanıb ki, onları bir-birindən ayırmaq mümkün olmayacaq. Amma mümkün oldu! SSRİ çökdü və əvvəlki iqtisadi əlaqələr qırıldı. Ona görə də hər dəfə Ermənistanla Rusiyanın əlaqələrini yada salanda keçmiş SSRİ vaxtlarını da unutmaq lazım deyil – o vaxt Ermənistanla Rusiya ümumiyyətlə bir dövlətdə birləşmişdilər…

Əlbəttə, erməni kilsəsi və diasporu, onun Rusiyaya bağlı müxalifəti başqa şey istəyə bilər, amma bu ölkədə yaşamağın ağırlığını erməni xalqı çəkir. O ki qaldı Paşinyana, sözsüz ki, o, hazırki prosesdən ölkəsi üçün daha çox dividend qoparmağa çalışır. Amma həm də anlayır ki, regionda siyasi və geosiyasi dəyişikliklər labüddür. Fəqət, qəti hərəkət edə bilmir. Bəlkə də ona görə ki, ona da on illiklərlə beyninə yeridilən miflər mane olur…

Hüseynbala Səlimov

About Author