“10 noyabr 2020-ci il bəyanatının bütün hərbi fəaliyyətlərin dayandırılmasına dair müddəasına və digər beynəlxalq öhdəliklərə zidd olaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin intensiv minalanması halları, Azərbaycan ərazilərinə 2021-ci il istehsalı olan minalar gətirərək basdırması, beynəlxalq ictimaiyyətin Ermənistanın məqsədli şəkildə mina təhdidinə göz yumması nəticəsində 2020-ci ilin noyabr ayından bəri iki nəfər jurnalist daxil olmaqla 303 nəfər azərbaycanlı mina qurbanına çevrilib”.
Bu barədə Azərbaycan Xariic İşlər Nazirliyinin bölgədəki son vəziyyətlə bağlı bəyanatında bildirilib.
Qeyd olunub ki, Ermənistan öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrini torpaqlarımızdan tam olaraq çıxarmayaraq, bunun əksinə Laçın yolu vasitəsilə onların rotasiyasını həyata keçirib, silah-sursatla təchiz edib, onların Ermənistanın dövlət büdcəsi hesabına maliyyələşməsini davam etdirib, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi ilə məşğul olub: “Azərbaycan öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə özünün suveren ərazilərində Laçın sərhəd buraxılış məntəqəsi təsis edib. Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin sərhəd buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayıb. Eyni zamanda iyunun 15-də sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, yük avtomobillərinin iyulun 26-da Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxribatlar törədib”.