XƏBƏRLENTİ

xeberlenti.com

32 ildən sonra Laçında saxlanılan erməni terrorçu haqqında ŞOK FAKTLAR

1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı qırğınlarda iştirak edən ermənilərdən biri – Vaqif Xaçaturyan bu gün Laçın sərhəd-keçid məntəqəsindən keçməyə cəhd edərkən saxlanılıb.

Əvvəlcə Meşəli soyqırımı haqqında…

Xankəndindəki 366-cı sovet-rus alayı qüvvələrinin dəstəyi ilə erməni hərbi birləşmələri 1991-ci il dekabrın 23-də səhər saat 07:00 radələrində Xocalı rayonunun Meşəli kəndinə hücum ediblər. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq, kənd sakinləri ermənilərə inadla müqavimət göstərib.

Bir neçə saat davam edən atışmadan sonra erməni quldurları kəndə girərək evlərə, tövlələrə, ot tayalarına od vurub. Baş Prokurorluğun məlumatına görə, hücumlar zamanı ermənilər 25 nəfəri öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Qırğınlardan sonra 358 nəfər evindən didərgin düşüb.

Prokurorluq orqanları tərəfindən Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Meşəli kəndi həmin vaxt Şuşa və Xocalıdan köməyə gələn qüvvələr tərəfindən azad edilsə də, bir ay sonra yenidən erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Hazırda Meşəli kəndi Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altındadır. Meşəli sakinləri Goranboy rayonun eyni adlı kəndində salınmış qəsəbədə müvəqqəti məskunlaşıblar.

Bu gün saxlanılan Xaçaturyan Vaqif Çerkezoviç hazırda 68 yaşındadır. Əsgəran rayonunun Badara kəndində doğulub və Meşəli hadisələri zamanı həmin kənddə yaşayıb. Həmin vaxt Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləyən Xaçaturyan digər ermənilərlə birgə kəndə hücum edərək qırğın və talanlar törədib.

O və hücumda iştirak edən digər ermənilər dövlətə və kənd sakinlərinə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub.

Xaçaturyan Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilib. Onun haqqında 12 noyabr 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb.

Baş Prokurorluq qeyd edib ki, Xaçaturyanın Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, zəruri tibbi yardımın göstərilməsi, həmçinin BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə şəraitin yaradılması təmin ediləcək.

Xaçaturyanın məsuliyyətə cəlb olunması əslində azərbaycanlılara qarşı soyqırımı aktlarında iştirak edən digər terrorçuların da həbs edilməsinə kömək edə bilər. Şübhəsiz ki, hüquq-mühafizə orqanları erməni separatçının sorğusunda bu kimi faktları aşkar edəcək.

Vaqif Xaçaturyanın saxlanılması özlüyündə ədalətin illər sonra olsa da, qismən bərqərar olması üçün olduqca önəmli hadisədir. Erməni terrorçular unutmamalıdır ki, Azərbaycan 30 il əvvəlki cinayətlər barədə bütün məlumatlar toplanıb və həmin məlumatlar Laçın sərhəd keçid məntəqəsində saxlanılır. Bu, bir daha onu göstərir ki, azərbaycanlılara qarşı cinayət törətmiş erməni terrorçuların hər biri məsuliyyətə cəlb olunacaq…(modern.az)

About Author