XƏBƏRLENTİ

xeberlenti.com

Qalib Gəncliyimizin III Zəfər Kuboku yekunlaşdı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, İsmayıllı İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı və AzGranata-nın dəstəyi ilə keçirilən “Qalib Gəncliyimizin III Zəfər Kuboku” layihəsinə yekun vuruldu.

İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın ruhları 1 dəqiqlik sükutla yad edildi. Daha sonra İsmayıllı İntellektual Oyunlar Klubunun sədri və layihə rəhbəri Azad Manaflı layihənin məqsədi, seçim turları və s. haqqında öz təəssüratlarını bölüşdü. İsmayıllı İntellektual Oyunlar Klubunun keçmiş və gələcək fəaliyyətləri ilə bağlı ətraflı məlumat verdi. Region gənclərini təşkilatın növbəti layihələrində də görməyin xoş olacağını dilə gətirdi.

Daha sonra isə Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov strukturunda dəyişiklik olan Gənclər və İdman İdarələrinin gənclərin təşəbbüslərini dəstəkləməyə hazır olduqlarını bildirdi. Region gənclərinin inkişafı üçün xüsusi planların olduğunu açıqlayaraq iştirakçılara zehin açıqlığı dilədi.

Sonra sözü alan Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov hər zaman gəncləri düşünən, onlara qapı açan region gənclər evlərindən biri də Mingəçevir Gənclər Evi olduğunu bildirdi. Öz aktiv fəaliyyəti ilə seçilən Mingəçevir Gənclər Evinin yaxınlığdakı region gənclərinin də burada yaradılmış imkanlardan da istədikləri vaxt rahatlıqla istifadə edə biləcəkləri haqda məlumat verdi. Gənclər Paytaxtında keçirilən bu layihəyə uğurlar arzuladı.

AzGranata MMC-nin əməkdaşı Ülvi Günəşli də layihənin gənclər üçün önəmindən danışdı və regionda intellektin inkişafına dəstək göstərməkdə maraqlı olduqlarını bildirdi. Onlar həmçinin təkcə intellekt sahəsində deyil, region gənclərini əhatə edən digər müxtəlif layihələrdə də çalışmaq istədiklərini dilə gətirdi.

Gənclərdə hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, onların vətənə olan sevgisini artırmaq,şanlı zəfərimizlə bağlı biliklərini daha da artırmaq məqsədilə keçirilən oyunda 10 region mübarizə aparırdı.16 komandanın iştirakı ilə keçirilən oyunda gənclər üçün zəfər tarixi, Heydər Əliyev və onun Azərbaycançılıq siyasəti, Azərbaycanın görkəmli şəxsləri və ümumi dünya görüşünü əhatə edən mövzular ətrafında hazırlanmış 45 sual səsləndirildi. Həyəcan dolu və olduqca gərgin mübarizə şəraitində keçən oyunun sonunda Gəncə şəhərini təmsil edən “Aqro Team” komandası birinci yerin qalibi, Mingəçevir şəhərini təmsil edən “Che” komandası ikinci yerin və Goranboy rayonunun “Aqro Meister” komandası üçüncü yerin sahibi oldu.Qaliblər kubok,medal və dəyərli hədiyyələrlə mükafatlandırıldı.Qaliblərə həmçinin AzGranata MMC tərəfindən də xüsusi hədiyyələr təqdim edildi.

About Author