XƏBƏRLENTİ

xeberlenti.com

“Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi üzrə II Forum” keçirilib

Avqustun 11-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin. Mərkəzi Gömrük Hospitalının və “Könüllü gömrükçü” dəstəsinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Gənclər Günü”nə həsr edilmiş “Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi üzrə II Forum” həyata keçirilib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayan İsmayıl Əfəndiyev Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi tərəfindən gənclərin tibbi maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, gəncləri Forum zamanı aktiv olmağa dəvət edib edib və Forumun işinə uğurlar arzu edərək çıxışını yekunlaşdırıb.

Forumun rəsmi açılış hissəsində eyni zamanda Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin Sosial İnnovasiyalar şöbəsinin rəisi Pərvin Məmmədov və Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi Vüqar Əliyev də çıxış edib. Onlar ənənəvi olaraq bu il də keçirilən Forumun gənclərin sağlamlığının qorunması və maarifləndirilməsi istiqamətində vacib əhəmiyyətə malik olduğunu vurğulayıblar və Tibbi Xidmət İdarəsinin rəhbərliyinə bu təşəbbüsə görə təşəkkür ediblər.

Rəsmi hissədən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev “Narkotiklərdən sui istifadə: müasir dövrün aktual problemi və onun qlobal təhlükəsi”, Tibbi Xidmət İdarəsinin elmi-təcrübi və tədris mütəxəssisi Şəhla Mirzəzadə “Sağlamlıq üçün öldürücü təhlükə-tütünçəkmə”, Mərkəzi Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayeva “Sağlam həyat tərzi üçün hansı gigiyenik tədbirlər vacibdir: Yoluxma yoluna görə ehtiyat tədbirləri”, Mərkəzi Gömrük Hospitalının fizioterapevti Səidə Kərimova “Sağlam həyat tərzində fiziki aktivliyin rolu və əhəmiyyəti”, Mərkəzi Gömrük Hospitalının dietoloqu Məlahət Kərimova “Sağlam qidalanma necə olmalıdır?” və Mərkəzi Gömrük Hospitalının psixiatrı Gülay Məmmədzadə “Z-nəslinin psixi sağlamlığının qorunması: streslə necə mübarizə aparaq?” mövzusunda təqdimatla çıxış ediblər.

Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzinin təbliği istiqamətində gənclər üçün zəruri olan mövzuların təqdimatından sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin mütəxəssisləri və Mərkəzi Gömrük Hospitalının həkimləri müxtəlif könüllü təşkilatlarının könüllüləri və “Könüllü gömrükçü” dəstəsinin üzvləri tərəfindən verilən sualları cavablandırıblar. Tədbirin sonunda müzakirələrdə fəal iştirak edən könüllü gömrükçü Amin Bağırova və turizm könüllüsü Kəmalə Əhmədzadəyə xatirə hədiyyələri təqdim edilib.

Müzakirələr və sual-cavab sesiyaları vasitəsilə 100-ə yaxın könüllünün iştirakı ilə interaktiv şəklində həyata keçirilmiş Forum könüllülərə sertifikatların təqdim edilməsi və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

About Author