Azərbaycanda kazino, qumar oyunlarının təşkili və keçirilməsi 90-cı illərin sonunda qadağan edilib. Milli-mənəvi dəyərlərə zidd olan bu əyləncə növlərinin ölkə ərazisində rəsmi qaydada qadağası həm də əxlaq normalarının qorunub saxlanması baxımından təqdirəlayiqdir. İlk baxışdan elə görünür ki, adama elə gəlir ki, hər şey qaydasındadır və Azərbaycanda qumar oynayan yoxdur. Bütün dövrlərdə mərc oyunları qumar hesab edilib və qumar oynamaq birmənalı qəbul edilməyib. İndi bu qumarbazlığa başqa bir don geyindirilərək mərc oyunu peyda olunub. Bu mərc oyunu insanları üçün bir əyləncə növü adı altında sevilməyə başlandı və çoc populyarlaşdı. Cəmiyyətə “həyasızcasına” soxuşdurulan bu oyunun məğzi ondan ibarətdir ki, pul qoyub pul udursan və bu da qanuni hesab edilir. Minlərlə insanda asılılıq yaradan “mərcləşmə” müxtəlif növ idman oyunlarını əhatə edir.Futboldan tutmuş tennisə qədər mərc etmək mümkündür və bütün bunlar az müddətdə zərərli vərdişə çevrilir, nəticədə ciddi fəsadlara gətirib çıxarır.
Hər gün yüzlərlə insanı (xüsusilə gəncləri) özünə cəlb edən mərc oyunları müştərini virtual aləmə maqnit kimi çəkir və ondan “yararlanmağı” təklif edir. Oyun tələsinə düşən oyunçu isə bir göz qırpımında bu şeytan oyununun qurbanına çevrilərək, anında bank kartında olan bütün pul vəsaitini itirir. Müştərinin hesabında olan vəsait ani olaraq yoxa çıxır. Uduzdunsa, vəssalam. Necə deyərlər, it də getdi, ip də getdi.
İtirdiyi vəsaitin şokundan ayıla bilməyən adam uduzduğunun əvəzini çıxmaq üçün alışıb-yanır.Yenidən cəhd edir zəhrimar yenə gətirmir.Bəxtini bir daha sınayır,qanı yenə qaralır.Əsəb,stresdən qurtara bilməyən müştəri psixoloji sarsıntı keçirir.Qazanan isə fırıldaqçılardır.
Bukmeker kontorlarının fəaliyyətindən hər gün minlərlə insan əziyyət çəkir.Pis vərdişin yaratdığı asılılıq narkotik qədər zərərlidir və gənc nəslin ruhuna təsir edir.Səhəri kontorların təqdim etdiyi əmsallarla açıb, bütün günü gözünü telefondan çəkməyən, həyəcan, stresslə mərc etdiyi oyunları izləyən,nəticədə isə son qəpiyinə qədər uduzanlar əsəbi və aqressiv olurlar. İşbazların bazarında isə daha qələbəlik höküm sürür. Kontorlarda azalıb-çoxalan əmsallar müştərilərə təsir etmir. Onlar ən güclünün qələbə qazanacağı qənaətindədirlər və əməllicə, baş sındırırlar.Kimə “stavka”etsinlər, hansı komandanın qələbəsinə pul qoysunlar? Bir neçə vacib oyun seçilir və müxtəliv variantlarda mərclər edilir.S iyahıda İspaniya çempionu “Barselona”da var. Axı, “Barsa” dünya nəhəngidir və onu məğlub etmək hər komandanın işi deyil. “Barselona”isə onun xeyrinə qoyulan milyardlarla mərcin fərqində deyil və komanda məğlub olur. Uduzan təkcə “Barselona”, məyus olan kataloniyalıların milyonlarla azarkeşi yox, həm də mərcdə uduzan müştərilərdir. Başları daşa dəyən müştərilərin yeganə təsəllisi isə bu kəlmələr olur:”Eybi yox, gələn dəfə udaram”. Bəzən mərc oyunlarının qurbanları çıxış yolunu intiharda görürlər. Deməli, mərc oyunları sosial bəladır və bu sosial sindromu darmadağın etmək üçün insanda dəmir iradə olmalıdır. Ailəsinin boğazından kəsib sonuncu qəpiyinə qədər uduzan belə iradəsi zəif adamları bu asılılıqdan xilas etmək üçün onlara psixoloji yardımlar təklif edilməli, ya da onlar özlərini ələ alıb toparlanaraq ağıllanmağı bacarmalıdırlar. Yoxsa, bu uçurum çox qurbanlar aparacaq….
Həsənoğlu