XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycan və Macarıstan əlaqələri Avrasiya qitəsi üçün önəm daşıyır

Azərbaycan Macarıstanla siyasi və iqtisadi sahədə geniş əməkdaşlıq əlaqələrinə malikdir. Bundan başqa, Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz, həm də Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır.

Bunu  Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib. O qeyd edib ki, Macarıstanla Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin enerji, nəqliyyat, tələbə mübadiləsi və s. sahələrdə əməkdaşlığa dair məsələlərin müzakirə olunması, hər iki dövlət rəhbərlərinin mətbuata bəyanatında göstərdikləri səmimiyyət bir daha sübut edir ki, Azərbaycan-Macarıstan əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub.

T.İsmayılov qeyd edib ki, çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir. Politoloq əlavə edib ki, iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Bildirib ki, Azərbaycanda Macarıstan investisiyalı şirkət əsasən kənd təsərrüfat, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərirlər.

Ekspert vurğulayıb ki, Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa da mühüm önəm verir. Rəsmi Budapeşt Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı marağını ifadə edib. Onun sözlərinə görə, Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edir.

About Author