Son günlər ərzaq bazarında sabitlik höküm sürmür, yuyucu məhsullarının, qatıq-süd və yağların qiyməti kəskin artıb. Qarşıdan gələn sentyabr ayında ət məhsullarının qiymətinin yenidən artacağı gözlənilir. Mütəxəssilər ölkəmizdə ətin bahalaşmasını yerli ət istehsalının kəskin aşağı düşməsi ilə izah edirlər. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli xeberlenti.com – a açıqlamasında ətin qiymətinin qalxmasının gözlənilməz olduğunu bildirdi: “Biz iyul və avqust aylarında ərzaq bazarında sabitlik gözləyirdik. Bunu da əsaslandırırdıq ki, yaydır və meyvə-tərəvəz mövsümüdür. Həm də havalar isti keçdiyindən, insanlar ətdən daha çox bostan məhsullarına üstünlük verir. Bildiyiniz kimi, yay mövsümündə həmin məhsullar ucuz olur və ona görə də mütəxəssislər güman edirdilər ki, ərzaq bazarında bahalaşma bir qədər ləng gedəcək. Əslində, proqnozlar özünü doğrultmadı. Bir neçə gün əvvəl ətin qiymətində bahalaşma müşahidə olundu. Bunun isə əsas səbəbi yerli ət istehsalının kəskin azalması ilə bağlıdır. İndi havalar isti keçir, həm də yay mövsümünə xarakterik meyvə -tərəvəz boldur, ətə tələbat azdır, digər tərəfdən əhalinin böyük əksəriyyəti məhərrəmlik ayında toy eləmir. Əslində, bu dövürdə ət bahalaşmamalıydı. Hətta ətin qiymətinin sabitləşməsi, ucuzlaşması üçün münbit şərait olduğu halda, ətin qiyməti günbəgün bahalaşır. Bu, o deməkdir ki, sentyabrın sonu oktyabrın əvvələrindən başlayaraq, ətin qiymətində yenidən bahalaşma müşahidə ediləcək. Bu gün ətin qiymətinin artmasının səbəbi yerli ət istehsalının kəskin azalmasıdır. Artımın kökü isə ötən illərə söykənir. Bu proses 2015-2016-cı illərdən başlayarıb və hazırki dövrdə kəskin şəkildə özünü biruzə verir.”