Yaponiyalı mütəxəssislər qəza vəziyyətində olan “Fukusima-1” atom elektrik stansiyasının reaktorlarını soyutmaq üçün istifadə etdikləri suyu Sakit okeana axıtmağa başlayıblar.
Bu barədə Yaponiyanın “Kyodo” xəbər agentliyi məlumat yayıb.
“Yaponiya “Fukusima-1″ AES-dən təmizlənmiş suyun okeana axıdılmasına başlayıb”, – məlumatda deyilir.
Yaponiyanın bu qərarı ərazidəki balıqçılar və ekofəallarla yanaşı, Çin başda olmaqla, qonşu ölkələrin də ciddi tənqidinə səbəb olub. Çin Yaponiyadan “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) suyunu okeana axıdılmasına son qoyulmasını tələb edib və ölkədən bütün növ dəniz məhsullarının idxalını dayandırıb.
Qeyd edək ki, 2011-ci ildə 9 maqnitudalı zəlzələnin səbəb olduğu sunami nəticəsində “Fukusima-1″də qəza enerji təchizatı və soyutma sistemləri sıradan çıxıb, 4 enerji bloku reaktorundan 3-ü zədələnib.