XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycan musiqisi Beynəlxalq Xəzər Festivalında uğurla təmsil olundu

 

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə tarzən Arslan Növrəsli və onun “ethno-jazz” qrupu Həştərxan vilayətində “Kaspiyskie sezonı” adlı klassik incəsənət üzrə Beynəlxalq Xəzər Festivalı çərçivəsində keçirilən “Azərbaycan günü”ndə ölkəmizi uğurla təmsil etmişdir.
Festival Xəzəryanı dövlətlər arasında humanitar sahədə mədəni dialoq və əməkdaşlığın inkişafı üçün səmərəli layihəyə çevirilmək məqsədi daşıyır.
Azərbaycan çağdaş tar ifaçılıq sənətinin təmsilçisi Arslan Növrəslinin Həştərxan Dövlət Filarmoniyasında keçirilən konserti maraqla qarşılanıb. Repertuara daxil edilən nömrələr həm klassik jazz standartları, həm Azərbaycan bəstəkarlarının əsərlərinin mövzuları əsasında yazılmış kompozisiyalardan ibarət olub.
Gecənin xüsusi ifası “Ay Laçın” xalq mahnısı Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 26 avqust “Laçın şəhəri günü” kimi qeyd olunması ilə əlaqədar repertuara daxil edilib.
“Ethno – jazz” qrupunun üzvləri – tarda Arslan Növrəsli, pianoda Nicat Aslanov, bass gitarada Səlim Məmmədov, zərb alətlərində Həsən Bilalov Azərbaycanın çağdaş musiqi mədəniyyətini layiqincə təmsil etmiş oldular.

About Author