XƏBƏRLENTİ

xeberlenti.com

“TotalEnergies” prezidentinin Bakı səfəri: Hansı razılaşmalar əldə olunub?

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Fransanın “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyannı qəbul edib. Rəsmi məlumata görə, görüşdə “Abşeron” yatağında hasilatın başlanılması vurğulandı və layihənin parametrləri barədə dövlətimizin başçısına ətraflı məlumat verilib.

Qeyd edilib ki, hasilat quyusu ən məhsuldar və ən aşağı karbon tullantılarına malik quyudur. Bu da yatağın potensialının zənginliyinin və perspektivinin aydın göstəricisidir.

Söhbət zamanı “Total Energies” şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, o cümlədən “Abşeron” yatağının tam işlənmə mərhələsinə keçməsi barədə fikir mübadiləsi aparılıb, şirkət tərəfindən layihələrdə iştirakla bağlı maraq ifadə olunub. Ölkə ərazisində, o cümlədən Naxçıvanda bərpaolunan enerji layihələrinin həyata keçirilməsi perspektivi və potensialı müzakirə edilib.

Qeyd edək ki, bu il Fransa enerji nəhənginin top-menecerləri üç dəfə Azərbaycan rəhbərliyi ilə görüşüblər. Enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, dəfə Bakıya Fransa enerji şirkətinin bu səviyyədə rəhbərinin gəlişi artıq istər “Abşeron” layihəsinin gələcəyi, istərsə də “TotalEnergies”in Azərbaycandakı gələcək fəaliyyəti ilə bağlı razılaşmalardan xəbər verir: “”TotalEnergies” rəhbərinin Bakıya gəlişindən bir sıra nəticələr çıxarmaq olar. Əvvəla, tərəflər “Abşeron” qaz yatağının işlənməsinin növbəti mərhələsinə dair məsələdə qarşılıqlı anlaşma əldə ediblər. Məsələnin hüquqi çərçivədə həlli artıq qısa müddətdə baş verə bilər – məsələn, Neftçilər günü ərəfəsində. İkincisi,

Fransa şirkətinin Azərbaycanın “yaşıl enerji” sektoruna sərmayə qoyması prinsipcə həll edilib. Nəhayət, üçüncüsü, rəsmi Bakı “TotalEnergies” ilə yeni qaz layihələri (məsələn, “Babək” layihəsi) üzrə gələcək əməkdaşlıq üçün “yaşıl işığın” yandırılmasında maraqlı olduğunu ortaya qoyur”.

About Author