XƏBƏRLENTİ

xeberlenti.com

DABF erməni diaspor təşkilatlarına müraciət etdi

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) erməni diaspor təşkilatlarına müraciət edib.

Müraciətdə 30 ildən artıq davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurmaya son qoyulduğu, hazırda Azərbaycan və Ermənistan liderlərinin iki ölkə və onların xalqları arasında sülh əldə olunması istiqamətində səyləri davam etdirdikləri bildirilib.

“Təəssüflər olsun ki, Azərbaycanın öz sərhədləri daxilində Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ bölgəsindəki terrrorçular, məqsədli şəkildə ora köçürülmüş adamlarla yanaşı dinc erməni sakinləri də könüllü, yaxud hansısa qüvvələrin təsiri ilə öz evlərini tərk edərək Ermənistana və üçüncü ölkələrə köçüblər. Lakin buna baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Qarabağ bölgəsində yaşayan etnik ermənilərin Azərbaycan vətəndaşları olduğunu, onların hüquqları və təhlükəsizliyinin Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacağını bəyan edib.

Məhz bu reallıqdan çıxış edərək, sülhü yaxınlaşdırmaq, xalqlar arasında düşmənçilik əhval-ruhiyyəsini aradan qaldırmaq üçün iki ölkənin tərəqqipərvər qüvvələrinin birgə səylərinə ciddi ehtiyac yaranıb. Sıralarında çoxsaylı Azərbaycan diaspor təşkilatlarını birləşdirən DABF hesab edir ki, hər iki ölkənin diaspor təşkilatları iki xalq arasında düşmənçiliyi qızışdıran aksiyalardan çəkinməlidir. Bu kimi cəhdlər bölgədə formalaşmaqda olan sülh prosesinə və birgəyaşayışa mane olmaqdan başqa bir şey deyil.

DABF ümid edir ki, sağlam düşüncəli erməni diaspor təşkilatları Azərbaycana qarşı qeyri-sağlam mübarizədən əl çəkəcək, Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına dəstək göstərəcəklər”, – müraciətdə vurğulanıb.

Bizi Facebookda izləyin

About Author