XƏBƏRLENTİ

xeberlenti.com

Sahibə Qafarova Rumıniyanın Baş naziri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri İon-Marçel Çolaku ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, Baş nazir Azərbaycanla Rumıniya arasında strateji münasibətlərin uğurla inkişaf etdiyini qeyd edərək, Azərbaycan və Rumıniyanın sadəcə tərəfdaş deyil, həm də dost ölkələr olduğunu vurğulayıb.

İon-Marçel Çolaku xatırladıb ki, Azərbaycanın dövlət müstəqilliyini Türkiyədən sonra dünyada ikinci tanıyan ölkə Rumıniyadır.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Rumıniya dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyini deyib.

Milli Məclisin sədri görüşdə, həmçinin hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması prosesi barədə məlumat verib. Spiker Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipi əsasında Ermənistanla sülh sazişinin imzalanmasını təklif etdiyini, lakin Ermənistanın ötən 3 il ərzində destruktiv mövqe göstərdiyini, müxtəlif hərbi-siyasi təxribatlar törətdiyini diqqətə çatdırıb. O, Azərbaycanın lokal antiterror tədbirləri, onun nəticələri, Qarabağın erməni əsilli sakinlərinin reinteqrasiyası istiqamətində həyata keçirilən işlər barədə də danışıb.

Baz nazir İon-Marçel Çolaku Rumıniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, tezliklə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını arzuladıqlarını diqqətə çatdırıb.

About Author