XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycan  tranzit ölkə statusunu uğurla  həyata keçirir

Cari ilin 10  oktyabr  tarixində  İqtisadi Əməkdaşlıq  Təşkilatının Nazirlər Şurasının  27-ci iclasının Azərbaycan  xalqı üçün müqəddəs olan, türk dünyasının mədəniyyət paytaxtı olan  Şuşa şəhərində keçirilməsi  əlamətdar hadisədir. Azərbaycan iqtisadi Əməkdaşlıq Təşkilatının  fəal üzvüdür və  təşkilata üzv olan dövlətlərlə  münasibətlərinə  xüsusi önəm verir. İƏT regionumuz  üçün  böyük  iqtisadi potensialdan  daha səmərəli  istifadə, region dövlətləri arasında  iqtisadiyyat və ticarət sahəsində  əlaqələrin inkişaf etdirilməsi baxımından  əlverişli imkanlara malikdir. Ölkəmiz təşkilat çərçivəsində  əməkdaşlığın  bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. Şuşa şəhərinin  2026-cı il üçün İƏT -in turizm  paytaxtı edilməsi əlamətdar hadisədir.

Azərbaycan daim sülhün tərəfdarı  və regionda  sülh təşəbbüslərinin  müəllifi olub. Otuz ildən  sonra  ərazilərimizdə  mövcud olan  “boz” zonanın  aradan qaldırılması, separatizmə  son qoyulması  beynəlxalq  hüququn  və ədalətin təntənəsidir. Xalqımız Azərbaycanın suverenliyini,  konstitusiya  quruluşunu  bərpa etməsinin sevincini, qürurunu yaşayır. Hazırda  Ermənistan Azərbaycan münasibətlərinin  normallaşdırılması, sülh müqaviləsinin  imzalanması  və cənubi  Qafqaz bölgəsinin  sülh və əməkdaşlıq  məkanına   çevrilməsi  üçün  tarixi şərait  yaranmışdır. 2020-ci ildə  əzəli torpaqlarımız  erməni qəsbkarlarının işğalından azad edildikdən sonra  irimiqyaslı bərpa-quruculuq  işlərinə  başlanılmışdır.  Qıza zaman kəsiyində  işğaldan azad edilmiş  ərazilərdə  vacib infrastruktur  layihələr həyata keçirilmiş, o cümlədən  iki yeni hava  limanı tikilib istifadəyə verilmişdir.  Üçüncü hava limanı  hazırda Laçın şəhərində inşa edilir.

İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”  proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən layihələr çərçivəsində  bu günə qədər Laçın, Füzuli şəhərlərinə,  Ağalı,  Zabux və Talış kəndlərinə  köçkünlərin qayıtması təmin olunmuşdur. Növbəti  üç ildə  100 minə qədər  köçkünün  doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Həyata keçirilən layihələr  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına  xidmət etməklə, habelə həmin ərazilərin  yüksək inkişaf etmiş regiona  çevrilməsi üçün əlverişli  şərait  yaradır.

Azərbaycanın İƏT-də  sədrlik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” kimi müəyyən edilməsi  hazırkı dövrdə  xüsusi aktuallıq kəsb edir. Dekarbonlaşma, “yaşıl enerji”  növlərinin artırılması  kimi məsələlər  ölkəmizin dayanıqlı inkişaf  gündəliyinin əsasını təşkil edir. Eyni zamanda “yaşıl enerji” zonası  elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda  aparılan  genişmiqyaslı  yenidənqurma  və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd”  konsepsiyasına uyğun olaraq həyata  keçirilir.

Azərbaycan etibarlı tranzit ölkədir və bizim nəqliyyat-logistika  infrastrukturumuz  bütün  İƏT ölkələri üçün  açıqdır. Şərq-Qərb marşurutu üzrə  yükdaşımalara təlabatın  artdığını nəzərə alaraq  Bakı-Tbilisi-Qars dəmir yolu ilə  daşınan yüklərin həcminin  1 milyon  tondan  5 milyon tona  çatdırmağı planlaşdırırıq. Həmçinin İran  İslam Respublikası nın ərazisi vasitəsilə Naxçıvana  çıxış imkanı yaradacaq  avtomobil  və dəmir yolunun  çəkilməsi barədə  bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda,  Şimal-Cənub Nəqliyyat dəhlizinin  ötürücülük qabiliyyətinin  daha da genişləndirilməsi istiqamətində  fəal  işlər görür.

İqtisadi Əməkdaşlıq  Təşkilatının  Nazirlər Şurasının 27-ci iclası ölkələrimizin  və bütövlükdə regionun  davamlı inkişafı  və rifahı naminə  yeni əməkdaşlıq  imkanları ətrafında  faydalı fikir mübadiləsi aparamaq  və səyləri davam etdirmək,  əlaqələndirmək   üçün əhəmiyyətli  platformadır.  Bu platforma ətrafında  daha məqsədyönlü  işlərin aparılması, ölkələrin rasional hədəfləri istiqamətində davamlı belə dədbirlərin keçirilməsi məqsədəuyğundur.

Beləliklə,  Azərbaycan hər zaman olduğu kimi, bu beynəlxalq  tədbirin də  uğurla alınması və ümumi məqsədlər ətrafında  naliyyətlər əldə edilməsində  öz  prinsiplərini ortaya qoymuş oldu.

Mürvət İbrahimov,Bakı şəhəri  Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, tarixçi

 

                                                                 

 

 

 

About Author