Venesuelanın neft hasilatı artsa, bu, Yaxın Şərqdə baş verən münaqişə, Rusiyaya qarşı sanksiyalar və hasilatı azaltmaq üçün OPEC-in qərarları fonunda qlobal neft qiymətlərinin azaldılmasına kömək edə bilər.
Dünya bazarlarında neft qiymətləri ucuzlaşıb.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) İranın İsrailə neft embarqosu tətbiq etməsi çağırışına dəstək göstərməməsi və ABŞ-nin qlobal miqyasda daha çox neft axınına imkan yaratmaq üçün Venesuelaya qarşı sanksiyaları yumşaltmağı planlaşdırması qiymətləri aşağı salıb. OPEC bu quruma üzv olan İranın çağırışı ilə bağlı hər hansı təcili tədbir görməyi planlaşdırmır.
Venesuelanın neft hasilatı artsa, bu, Yaxın Şərqdə baş verən münaqişə, Rusiyaya qarşı sanksiyalar və hasilatı azaltmaq üçün OPEC-in qərarları fonunda qlobal neft qiymətlərinin azaldılmasına kömək edə bilər. Lakin Venesuela illərlə davam edən sanksiyalardan sonra hasilatı artırmaq üçün investisiyalara ehtiyac duyur.
“Brent” nefti 0,5% və ya 43 sent ucuzlaşaraq 91,07 dollara, ABŞ-nin Qərbi Texas (WTI) nefti 0,2% və ya 17 sent azalaraq 88,15 dollara düşüb.
“Azeri Light” markalı Azərbaycan nefti isə 1,58 dollar, yaxud 1,7% artaraq 95,86 dollar təşkil edib.
Əlavə edək ki, ötən həftə dünya bazarlarında neft qiymətləri təxminən 6% bahalaşıb. “Brent” markalı neft fevraldan bəri ən yüksək həftəlik qazancını əldə edib. Çünki investorlar İsrailin Qəzza zolağında quru əməliyyatlarına başlaması ilə Yaxın Şərqdəki münaqişənin genişlənə biləcəyindən narahatdırlar.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib.
Həm Beynəlxalq Enerji Agentliyi, həm də Neft İxrac Edən Ölkələr Təşkilatı ilin sonuna qədər davam edə biləcək tədarük kəsiri ilə bağlı narahatlıqlarını ifadə edib.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2022-ci ildə “Azeri Light” markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində “Azeri Light” markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.