Sumqayıt şəhər internat tipli gimnaziyanın müəllim və şagird kollektivi 44 Günlük Vətən müharibəsi şəhidi Həsənquliyev Səbuhi Əlixan oğlunun ailəsini ziyarət edib.
Xeberlenti.com xəbər verir ki, bu barədə şəhidin anası məlumat verib.
Müəllim və şagirdlər şəhidin anası ilə görüşüb, Səbuhi Həsənquliyevin döyüş yoluna nəzər salıblar. Görüşdə şəhidin anası Mayisə Həsənquliyeva, qonaqlara özü yazdığı “Şəhidlik Tanrı Hədiyyəsidir” adlı kitabını hədiyyə edib.
Bildirilib ki, Səbuhi Həsənquliyev 44 günlük Vətən müharibəsində iştirak edib öz şücaətini göstərmişdir.Şuşa şəhəri uğrunda gedən son döyüşü zamanı şəhid olacağını əvvəlcədən hiss edən 18 yaşlı igid, sanki toya gedirmiş kimi qoluna qırmızı parça bağlayaraq “Vətən uğrunda qurban gedirəm” – deyib. Döyüşdə çoxlu sayda düşmən məhv etdikdən sonra ürəyindən vurularaq qəhrəmancasına həlak olub.
Ölümündən sonra adı dillərdə əzbər olan bu igidin dünyaya gəlişi də bir qəribə olmuşdu. Səbuhi Əlxan oğlu Həsənquliyev 2002-ci il, aprel ayının 11-i,Ucar rayonunun Boyat kəndində anadan olub. O doğulanda aprel ayı olmasına baxmayaraq, hava kəskin şəkildə dəyişmiş, kənddə işıqlar sönmüşdü. Çətinliklə dünyaya gələn körpənin adını əmisinin istəyi ilə Səbuhi qoyurlar.
Əmisinin evində dünyaya göz açan Səbuhinin uşaqlığı da elə ata babasının yurdunda – Boyat kəndində keçib.
O, kiçik yaşlarını müəyyən çətinlik və məhrumiyyətlərlə keçirib. Atasının işinə görə ailəsi ilə Sumqayıt şəhərinə köçən Səbuhi 2008-ci ildə elə burada da birinci sinifə gedir. 2017-ci ildə isə təhsil aldığı Cəbrayıl rayon 5 nömrəli məktəbin 9-cu sinfini bitirərək peşə liseyinə daxil olur. 2020-ci ildə təhsilini uğurla başa vuran bu gənc həmin ilin aprel çağırışında Azərbaycan Respublikasının ordu sıralarında xidmətə başlayır.
Müharibə başlayanda o, sadəcə 5 ayın əsgəri idi. Müharibə müddətində anası Maisə ilə ilk dəfə danışarkən “ana, oğlun erməni öldürüb” deyərək qürurlanırdı. Cüssəsinə və ayıq-sayıqlığına görə onu XTQ-ya cəlb etmişdilər. Bundan sonra Səbuhi “yaşma”larla birgə ən öndə getməyə başlayır.
Yaralı, ya da şəhid olmuş dostlarının birini də döyüş meydanında yalnız buraxmayan qəhrəmanımız Şuşada şiddətli əlbəyaxa döyüşlərdə iştirak edib. Elə bu döyüşlər zamanı dostunun düşmən tərəfindən vurulduğunu görüb və onu güllə yağışının altından çıxarmağa çalışarkən düşmən gülləsinə tuş gəlib. Döyüş yoldaşları ona çatanda Səbuhi artıq çiynindən, yaxın məsafədən ürəyindən və boğazından vuralaraq şəhid olmuşdu.
Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin sərəncamına əsasən, Səbuhi Əlxan oğlu Həsənquliyev İkinci Qarabağ müharibəsində göstərdiyi igidlik və rəşadətə görə ölümündən sonra “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” , “Cəbrayılın azad olunmasına görə” , “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Ölümündən sonra Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılan Vətən oğlu arxasında valideyni üçün kədər, eyni zamanda qürur, qohumları üçün fəxr, gənc nəsil üçün igidlik nümunəsi və ömür boyu danışılacaq qəhrəmanlıq salnaməsini yazaraq qeyrəti uğrunda vuruşduğu torpaqla qarışaraq and yeri oldu. Şəhadətindən sonra Səbuhinin adının yaşaması üçün doğulduğu Boyat kəndinin girişində şərəfinə lövhə ucaldılıb, adına şeir həsr edilib.