XƏBƏRLENTİ

xeberlenti.com

Vaqif Xaçatryanın məhkəməsində zərərçəkənlər ifadə verir –

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir.

Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verir.

Prosesdə zərərçəkmiş şəxs qismində tanınan Elnarə Babayevanın məhkəməyə göndərdiyi teleqram elan olunub. O, iki azyaşlı övladı ilə Qəbələdə yaşadığını, məhkəməyə gələ bilməyəcəyini bildirib. Elnarə Babayeva istintaqa verdiyi ifadəni təsdiqləyib və Vaqif Xaçatryana ən ağır cəza verilməsini istəyib.

Prosesdə zərərçəkmiş şəxs qismində Alış Alışov dindirilib.O bildirib ki, atışma olan zaman kənddə ailəsi ilə olub:

“Bunlar bizim kəndə 1000-dən çox adamla hücuma keçdilər. Badara kəndinin hamısı üstümüzə gəldi. Vaqif, Armais və digərləri orada idi. Kənd sakini Qəniməti balta ilə vurdular. Vaqifi şəxsən gördüm. Qəniməti baltalayandan sonra hətta güllələyiblər. Vaqif indi boynuna almasa da, şəxsən bu da, qardaşı da, yaxınları da Meşəli hadisələrində iştirak edib. Mən Məşəli məktəbinin direktoru olmuşam. Vaqif məni yaxşı tanıyar”.

Təqsirləndirilən şəxs hadisə günü orda olmadığını iddia edib.

Zərərçəkmiş isə bildirib ki, hadisə günü kənd sakini Sadayın evinin qabağında onu şəxsən görüb: “Yaşlı anamı da snayper vurub öldürdü. Bizim kəndi ilk “Alazan”la vurdular. Çörəyimizi yeyənlər bizə xəyanət elədilər. Kəndimizi mühasirəyə almışları. Bir Laçın istiqamətinə piyada yolumuz qalmışdı. Ev-ev, küşə-küçə döyüşlər getdi. İndi boynuna almırsan. Vaqif, adamın kişiliyi olar, boynuna al. Kəndimizdən 25 nəfər şəhid oldu, çoxusunun da meyitini yandırmışdılar. Bu dəhşətli faciə heç yerdə görülməmişdi. Ernest , Armais, Salvik, Vaqif Badara ermənilər idi, hadisələrin başında bunlar dururdu”.

About Author