XƏBƏRLENTİ

xeberlenti.com

“Böyük Qayıdışa Gedən Yol: Bakı-Tbilisi-Ceyhan” kitabının təqdimatı keçiriləcək

“Bu bir həqiqətdir ki. tarixi şəxsiyyətlərə əsl düzgün qiymət müəyyən zaman keçdikdən sonra verilir. Lakin elə şəxsiyyətlər var ki, onlardan nə qədər yazılırsa, yazılsın, yenə də həyat və fəaliyyətlərini olduğu kimi əks etdirmək mümkünsüzdür. Azərbaycan xalqının ümummilli lideri möhtərəm Heydər Əliyev də məhz belə dahi şəxsiyyətlərdən idi. Heydər Əliyev şəxsiyyəti və onun ömrü siyasi-mənəvi tariximizdə elə uca bir zirvədir ki,  biz o zirvənin əzəmətini gələcək nəsillərə çatdırmaq üçün əlimizdən gələni əsigəməməliyik.”
2023-cü il Heydər Əliyev ili kimi dünya azərbaycanlılarının yaddaşına həkk olunub. Bununla bağlı ölkəmizdə müxtəlif kütləvi tədbirlər həyata keçirilib. Heydər Əliyev zirvəsinin əzəmətini gənc nəsillərə çatdıran ictimai xadim Mirkazım Seyidovun adı xüsusilə vurğulanmalıdır.

Yaradıcılığını bütünlüklə Ümummili lider Heydər Əliyevə həsr edən yazıçı, siyasi xadim Mirkazım Seyidov 16 fevral 1962-ci ildə Şərur rayonunda anadan olub. Ali təhsilini başa vurduqdan sonra Rusiyanın  Novosibirsk şəhərində yaşayıb, burada müxtəlif yüksək vəzifələrdə çalışıb. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə “Tərəqqi” medalı, 2012-ci il fevralın 21-də isə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə görə III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Öz həyatını insanların maariflənməsinə həsr edən yazıçı, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması üçün səylər göstərən siyasi xadim, Vətənini sevən
Mirkazım Seyidov «Bir medalın iki üzü», «Sənə nəğmə qoşuram, dağlı və günəşli ölkəm», «Haqqın sədası ana», «İnamla, İlhamla sabaha doğru», «Mərdini unutmaz Vətən», «Yaşayır Heydər ata», «Elin Mehriban qızı», «İnamdan doğulan İlham», «Prezident», «Atatürk», «Bakı Ceyhan – üç dəniz əfsanəsi», “Zamanı qabaqlayan dahi” və s. kitablarının müəllifidir.
“Ağılları, ürəkləri fəth edə bilmək yalnız zamanın fövqündə duran, sağlığında milyonların qəlbində ölməzlik məşəlini yandıran, millətin iradəsi olan böyük liderlərə nəsib olur.” – deyən Heydər Əliyev aşiqi Mirkazım Seyidovun yeni kitabı işıq üzü görür. 10 ilin bəhrəsi olan “Böyük Qayıdışa Gedən Yol: Bakı-Tbilisi-Ceyhan” kitabının təqdimatı 10 noyabr 2023-cü il, saat 15:00-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcəkdir. Təqdimatda ölkənin tanınmış ictimai xadimləri, dövlət məmurları, türk dilli xalqların səfirliklərinin nümayəndələri və xarici qonaqların iştirakı nəzərdə tutulub.  Təqdimatdan sonra Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş musiqili ədəbi-bədii gecə keçiriləcəkdir.
Müəllif:Türkanə Səfərova

About Author