XƏBƏRLENTİ

xeberlenti.com

Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş gecə keçirildi

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli rejissor, Xalq artisti Tofiq Kazımovun (1923-1980) 100 illiyinə həsr olunmuş gecə keçirilib.
Yubiley münasibətilə teatrın hazırladığı “Sənsiz” tamaşasının premyerası olub.
Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Qonaqlar əvvəlcə teatrın foyesində rejissorun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.
Milli Dram Teatrının bədii rəhbəri Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə çıxış edərək bildirdi ki, böyük rejissor Tofiq Kazımovun 100 illik yubileyi Prezident İlham Əliyevin 3 mart 2023-cü il tarixli sərəncamına əsasən qeyd olunur.
Qeyd edilib ki, Tofiq Kazımovun milli teatr sənətinə böyük xidmətlərindən biri də istedadlı gənclərə meydan verməsi, yol açmasıdır. Elə bu nüans nəzərə alınaraq nümayiş olunacaq tamaşanın rejissoru, rəssamı və bəstəkarı da gənclərdir. Onların hər üçü bu gün bu məsuliyyəti hiss edir.
Çıxışdan sonra Tofiq Kazımovun yaradıcılıq yolundan bəhs edən 10 dəqiqəlik qısametrajlı film (müəllif Mehriban Ələkbərzadə) nümayiş olunub.
Daha sonra səhnə aktyorların ixtiyarına verildi. Yazıçı-dramaturq Şıxəli Qurbanovun “Sənsiz” pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim edilib. Səhnə əsərinin quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Xanım Həsənova və Könül Kərimovadır. Rolları Xalq artisti Mehriban Zəki (Sevinc), Əməkdar artist Füzuli Hüseynov (Tərlan), aktyorlar İlahə Həsənova (Maral), Elçin Əfəndi (Fərhad), Elsevər Rəhimov (gənc Tərlan), Lalə Süleymanova (gənc Sevinc) canlandırıblar.
Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

About Author