XƏBƏRLENTİ

xeberlenti.com

Ombudsman: Fransa kimi ölkələr xalqlar arasında barışın əldə olunmasına mane olur

Əfsuslar olsun ki, bu gün özünü demokratiyanın beşiyi hesab edən, lakin bunun əksinə olaraq, islamofoboya, neokolonializm siyasəti həyata keçirən Fransa kimi ölkələr uzun illərdir Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəalarına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümumbəşəri prinsiplərinə hörmətsizlik nümayiş etdirərək insan hüquqlarını kobud şəkildə pozmaqda, xalqlar arasında barışın əldə olunmasına, sülh və əmin-amanlıq mühitinin yaranmasına mane olmaqda davam edir.

Xeberlenti.com  xəbər verir ki, bunu “İnsan Hüquqları – 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

“Buna görə də hesab edirəm ki, bu gün dünyanın tərəqqipərvər ölkələri və beynəlxalq təşkilatlar hər kəsin yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması kimi fundamental insan hüquqlarının müdafiəsi naminə ikili standartlardan əl çəkməli və Azərbaycana münasibətdə ədalətli mövqe nümayiş etdirməlidirlər. Təqdirəlayiq haldır ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən Birinci vitse-prezident xanım Mehriban Əliyevanın fəal dəstəyi ilə yeni dövrün tələbləri və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər də nəzərə alınmaqla aparılan genişmiqyaslı islahatlar fonunda insan hüquqlarının səmərəli təmininə xidmət edən mühüm addımlar atılır.
Hazırda Azərbaycanda insan hüquq və azadlıqlarının təmin və təşviq edilməsi daim diqqət mərkəzində saxlanılır, bu sahədə qanunvericilik bazası beynəlxalq hüquq normalarına müvafiq olaraq mütəmadi təkmilləşdirilir, müstəqil hüquq müdafiə mexanizmlərinin səmərəli fəaliyyət göstərməsi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi, ölkəmizdə inklüziv cəmiyyət quruculuğu prosesinin sürətləndirilməsi üçün geniş imkanlar yaradılır”.

About Author