XƏBƏRLENTİ

xeberlenti.com

“Fəhlə bazarı”nın acı mənzərəsi: Bir gözü, bir böyrəyi olmayanların əlacsızlıq meydanı – REPORTAJ

Hər dəfə yolumu Sumqayıtın daş bazarından salanda bura toplaşan adamlarla görüşüb-dərdləşməyi düşünürdüm. Amma yanlarında ayaq saxlayanda ümid dolu baxışlarla məni əhatəyə alan bu adamlara kömək edə bilməyəcəyimə görə sıxılırdım. Fəhlə bazarında dayanıb iş gözləyən adamların könlünü sözlə ovundurmaqmı olar? Bu adamlar iş gözləyir, sözdən zəhlələri gedir. Onsuz da o qədər boş söz-söhbət eşidiblər ki, heç biri də dərdlərinə çarə olmayıb. Bazarda iş gözləməkdən, özlərinə ürək-dirək verib boş-boş danışmaqdan təngə gəliblər.

Nəhayət, günün birində özümü ələ alıb, onlarla görüşə gedə bilirəm. Əvvəlcə kənardan oradakı insanlara diqqət yetirirəm. Bəziləri oturduğu yerdə mürgüləyir, bəziləri söhbət edir. Bir hissəsi isə dayanan maşınlara tərəf qaçır. Kor-peşman geri dönən insanların üzündə bir ümidsizlik sezilir. Amma yenə gözləri yollardadır. Gün ərzində kimin qismətinə bir iş çıxsa, həmin gün onun evində toy-bayramdır.

Soyuqda, küləkdə yol qırağında dayanan bu adamlara yaxınlaşıram və müsahiblərimin gözlərinə işıq gəlir. Hamı sevincək mənə tərəf qaçır. Amma kimliyimi biləndən sonra çoxu kor-peşman geri çəkilir.

– Yox, mən iş üçün gəlməmişəm. Mən sizinlə başqa mövzuda söhbət etmək istəyirəm, – deyirəm.

Üzləri bir qədər ciddiləşir. Axı onları başqa mövzu maraqlandırmır. Nəhayət, gəlişimin səbəbini deyirəm.

– Sizinlə söhbət etmək istəyirəm. İmkan olsa, söhbətimizdə bir qədər səmimi olaq.

Bəziləri razılaşır. Qalanları isə aralanır. Pərviz Səmədov adlı bir fəhlə ilə tanış oluram. Həddindən artıq sadə və təvazökardır. Deyir ki, fəhlə bazarında vəziyyət heç də ürəkaçan deyil. Çox əziyyət çəkirlər. Ayda bir dəfə iş düşəndə bayram edirlər.

– Bəs necə dolanırsınız?

– Allah kəssin belə dolanmağı. Əgər buna dolanmaq demək mümkündürsə, birtəhər dolanırıq. Yenə əvvəllər günə beş-on manat olurdu. İndi o da göyə çəkilib.

Pərvizlə söhbət zamanı digər fəhlələr də bizi əhatəyə alır. Hamısının üzündə bir narahatlıq var. Bu zaman yanımızda bir maşın dayanır. Hamı maşına tərəf qaçır. Sövdələşmə baş tutmur. Kor-peşman geri dönürlər.

– Bunlar pul verən deyillər. Elə bilirlər ki, fəhlə bazarındakı insanlar adam deyil. Hamı bizdən istifadə etməyə çalışır.

Bu zaman aralarındakı yaşlı adamlardan biri söhbətə qarışır. 68 yaşı var. Əvvəllər Sumqayıt Boru-Prokat zavodunda işləyib. Daha sonra taksi və avtobus sürücüsü olub. İndi “fəhlə bazarı”nın ən yaşlı “sakinidir”. Zakir Orucov adlı bu fəhlə bir qədər də zarafatçıl adamdır. Deyir ki, bu yaşında ən ağır yükləri qaldıra bilir.

– Çoxmərtəbələrə pianino qaldırmaq mənlikdir. Onu məndən yaxşı bacaran nə gəzir? Lap yuxarı mərtəbələrə köç qaldırmaqda da mənimlə rəqabət aparan yoxdur.

Zakir kişi yanındakı fəhlə yoldaşlarını şahid də tutur.

– İnanmırsınız, bunlardan soruşun?!

Hər kəs ağsaqqalın sözünü təsdiqləyir və bununla Zakir kişinin qarşısında öz borclarını ödəmiş kimi arxayın dayanırlar. Zakir kişi də razı-razı onlara baxıb bığaltı gülümsəyir…

İş axtaranlar bir anlıq iş-gücü unudublar. Onlar Zakir kişinin digər “qəhrəmanlıqları”ndan danışmaqla 68 yaşlı qocaya əlavə stimul verirlər. Deyirlər ki, Zakir kişi beton işində 5 fəhləni əvəz edir. Daha bundan böyük tərif ola bilməz və Zakir kişi onlara söz verir ki, növbəti dəfə iş düşsə, nəyə qadir olduğunu bir daha göstərəcək.

Sonra söhbətə özünü İsmayıl kimi təqim edən bir nəfər qoşulur. Deyir, uzun illər sürücü işləyib. İndi isə iş yeri “fəhlə bazarı”dır. Əlindən də gəlməyən iş yoxdur. Fundament qazmaqdan bənnalığa qədər hər şeyi bacarır. Təki iş olsun, deyir.

– Əsasən, sizə hansı işlər təklif edilir?

– Müxtəlif işlər olur. Dağıtmaqdan tutmuş, tikməyə qədər hər iş görürük. Bəzən zavodlara da aparırlar, – bunu bazarda 23 ildir “külüng çalan” Emin deyir.

– 2000-ci ildən bəri ailəmi burayla saxlayıram. Amma o saxlamaq deyil, sürünməkdir. Bir gün iş tapanda, 1 həftə bekar otururuq. Yaxşı ki, valideynlərimin təqaüdü var. Yoxsa zülm çəkərik.

Məni əhatəyə alan bu adamlar öz dərdlərini danışmağa tələsir. Bir də iş-zad nə gəzir, bir saatdan artıqdır onlarla bir yerdəyəm, biz tərəfə bir nəfər də yaxınlaşmayıb hələ. Təkcə yaxınlıqdakı tikinti mağazasının sahibi ara-sıra görünür və mağazasının qarşısına toplaşan bu adamların üstünə qışqırır. Fəhlələr deyir ki, mağaza sahibi bizə göz verib-işıq vermir. Mağaza sahibinin isə səsi yeri-göyü götürüb: “İmkan verin, alverimizi edib bir tikə zəhərimizi qazanaq!”.

– Günümüz belə keçir, – deyə fəhlələrdən biri gileylənir. – Rahat dayanmağa da imkan vermirlər.

Bunu deyən fəhlə 2-ci qrup əlildir.

– Gözümün biri görmədiyinə görə əlillik dərəcəm var, 220 manat da təqaüd alıram. Bu pulla dolana bilmirik. Ona görə də “fəhlə bazarı”na gəlirəm. Sağ olsun uşaqlar, məni ağır iş görməyə qoymurlar. İki övladım tələbədir, ikisi isə məktəbli. Təsəvvür edirsiniz, onları saxlamaq nə qədər çətindir.

Fəhlə bazarının sakinləri bu gün iş tapacaqlarına ümidlidirlər və diqqətləri ətrafda dayanan maşınlardadır. Amma hələlik real iş təklif edən rastımıza çıxmayıb.

– Bu gün bazar günüdür və gözləyirik ki, kimsə gəlib iş təklif edəcək. – Bunu özünü Mais kimi təqdim edən başqa bir fəhlə deyir. Bildirir ki, böyrəyinin biri olmasa da, işləməyə məcburdur.

Fəhlələr onlara ünvanladığım sualları səmimiyyətlə cavablandırıb, başlarına gələnləri də danışırlar. Deyirlər ki, bəzən elə olur ki, onları aparıb işlədəndən sonra pullarını da vermirlər.

– Elə vaxt olub ki, vicdansızlar bizi 2-3 gün işlədiblər. Axırda isə pul verməyiblər, ya da danışılandan az veriblər.

Gözlərini mənə dikib aramla danışırlar, amma bir gözləri də yoldan ötən maşınlara zillənib. Bu gün iş tapa bilməsələr, yenə evə əliboş dönəcəklər. Müsahiblərimin gözlərində bir qorxu görünür. Bu, iş tapa bilməmək, evə yenə çarəsiz dönmək qorxusudur. Ailələrinə xəcalət çəkmədən dönmək üçün yanımızdan ötən maşınların arxasınca həsrətlə boylanırlar. Əgər bu gün iş olmasa, tələbə uşaqlarının yolpulunu da kimdənsə borc alacaqlar. Sağollaşıram, amma ürəyim yanlarında qalır. Bütün günü onları düşünürəm. Görəsən, az müddətdə isinişdiyim dostlarım bu gün pul qazana bildilərmi?.

Vəli Həsənov

About Author