XƏBƏRLENTİ

xeberlenti.com

Hadisələrin mərkəzində Azərbaycana nifrət dayanır – Vilson sindromu

Cənubi Qafqazda toqquşan maraqlar regionda qlobal gücləri daim üz-üzə qoyub.  Hələ ötən əsrin əvvəllərində dünya nizamı qurulanda Cənubi Qafqazda Ermənistan adlı dövlətin peyda olması təkcə Rusiyanın ideyası deyildi. Türkiyə ilə Azərbaycan arasına bufer dövlət kimi atılan qondarma respublikanı, eyni zamanda, ABŞ də dəstəkləyirdi. Hələ Versal sülh müqaviləsində Ermənistanı birmənalı dəstəkləyən ABŞ-nin ovaxtkı prezidenti Vilson Cənubi Qafqazda erməni dövlətinin yaradılmasının ən qatı tərəfdarı idi.

SSRİ dağıldıqdan sonra Ermənistanı ən çox müdafiə edən ölkələrdən birincisi Amerika idi. Hətta birinci Qarabağ müharibəsi zamanı ermənilərin törətdiyi vəhşiliklərə göz yuman ABŞ Azərbaycan əleyhinə qətnamə çıxardı və ölkəmizə edilən yardımlar dayandırıldı. Söhbət 1992-ci ilin payızında ABŞ Konqresinin qəbul etdiyi 907-ci düzəlişdən gedir. Bununla da erməni lobbisinin dəstəyi ilə qəbul edilən bu qərardan sonra Azərbaycan ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövləti oldu.

Daha sonra ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi fəaliyyətə başlayan ABŞ Azərbaycanla Ermənistan arasında münaqişənin həlli üçün işə başladı. Fransa, Rusiya və ABŞ-nin təmsil olunduğu ATƏT-in Minsk qrupuna böyük ümidlər bəslənsə də, hadisələrin sonrakı inkişafı göstərdi ki, Minsk qrupunda təmsil olunan dövlətlər sadəcə vaxt uzatmaqla məşğuldur. Onlar məsələni gündəmdə saxlamaqla Azərbaycan cəmiyyətində arxayınlıq yaradır və münaqişənin ədalətli həllinə söz verirdilər. Amma zaman göstərdi ki, başda ABŞ olmaqla digər iki dövlət də sadəcə işğalı qanuniləşdirmək niyyətindədir. Bunun üçün uzunmüddətli vaxta ehtiyac olduğunu başa düşürdülər və öz siyasətlərini ustalıqla həyata keçirirdilər.

Özlərinin təkliflər paketində Azərbaycanın xeyrinə bir kəlmə belə, qeyd aparmayan Minsk qrupunun həmsədr dövlətləri Qarabağa yüksək status verilməsi üçün dəridən-qabıqdan çıxırdılar. BMT TŞ-nin 5 daimi üzvündən üçünün ATƏT-in Minsk qrupunda Ermənistanı müdafiə etməsi isə Azərbaycan cəmiyyətində daim qıcıq yaradırdı. Eyni zamanda, 1993-cü ildə BMT TŞ-nin çıxardığı 4 qətnamənin yerinə yetirilməməsinə göz yuman bu dövlətlər ikili standartlardan çıxış edərək, öz yurd-yuvalarından didərgin düşən 1 milyona yaxın Azərbaycan vətəndaşının taleyinə biganə idi.

Dünyaya ədalət dərsi keçən ABŞ-nin hadisələrə müşahidəçi qismində yanaşması 100 il əvvəl ermənilər qarşısında üzərinə götürdüyü siyasəti həyata keçirmək missiyası idi. Babaları Vilsonun erməni sevgisinə sadiq qalan ABŞ demokratları Cənubi Qafqazda Ermənistanın maraqlarını dəstəkləməklə həm də xristian təəssübkeşliyi nümayiş etdirirdilər.

Nəhayət, 3 il əvvəl Azərbaycan öz torpaqlarını işğaldan azad edəndə ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlərin iç üzləri açıldı və hər tərəfdən ölkəmizə hücumlar başlandı. Əslində onların bu hərəkəti gözlənilirdi və Azərbaycan diplomatiyası da bu hücumlara adekvat cavab verməyə hazır idi. Prezident İlham Əliyevin Minsk qrupu ilə bağlı söylədikləri isə həmin ölkələrdə birmənalı qarşılanmadı. ATƏT-in Minsk qrupunun dəfn edildiyini bildirən İlham Əliyev bununla da onlara “Yaxamızdan əl çəkin!” mesajını versə də, ABŞ və Fransa ermənipərəst siyasətini davam etdirirdi. Uzun müddət Minsk qrupunu dirçəltməyi planlaşdıran bu dövlətlər artıq niyyətlərinə çata bilməyəcəklərini anlayıblar. İndi onlar siyasi kurslarını dəyişərək, Azərbaycanı başqa mövqedən hədəfə alıblar. Qərbdə Azərbaycan əleyhinə aparılan çirkin kampaniya da buna hesablanıb. Guya Azərbaycanın Ermənistana hücum edəcəyindən narahat olan ABŞ və Fransa Ermənistana hərbi və siyasi dəstək verməkdə davam edir.

Məqsəd həm də Cənubi Qafqazdan Rusiyanı sıxışdırmaqdır. Amma hadisələrin mərkəzində Azərbaycana nifrət dayanır. Qarabağdan könüllü çıxan erməniləri siyasi alver predmetinə çevirən ABŞ onlardan yenidən alət kimi istifadə etməyə çalışır. Yaxın Şərqdə minlərlə günahsız insanın ölümünə göz yuman, gündə yüzlərlə uşağın qətlə yetirilməsinə biganə qalan ABŞ indi Cənubi Qafqazda ədalət axtarışına çıxıb. Qarabağı tərk edən erməniləri geri qaytarmaq, onların təhlükəsizliyini təmin etmək üçün özlərinə məxsus sülhməramlı qüvvələri əraziyə soxmağa çalışan ABŞ bu siyasətlə bölgədə yeni münaqişənin əsasını qoymağa səy göstərir. Azərbaycan isə öz mövqeyində qətidir və suveren ərazilərimizə heç bir xarici dövlətin qüvvələri daxil ola bilməz. Geri qayıtmaq istəyən Qarabağın erməni vətəndaşları üçünsə qapımız hər zaman açıqdır.

Vəli Həsənov

About Author