XƏBƏRLENTİ

xeberlenti.com

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin fəaliyyətinin yekunlarına həsr olunmuş toplantı keçirilib

Xeberlenti.com xəbər verir ki, Dekabrın 26-da Nizami Kino Mərkəzində “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin 2023-cü ilin yekunlarına həsr olunmuş toplantısı keçirilib.
Tədbirdə rəsmilər, mədəniyyət, incəsənət, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə qonaqlar mədəniyyət könüllülərinin il ərzində fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.
Ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin ifasında Dövlət Himni səsləndirilib, təşkilatın fəaliyyətlərini əks etdirən videoçarxlar nümayiş etdirilib.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov qonaqları salamlayıb. Bildirib ki, “Mədəniyyətə könül ver!” devizi ilə fəaliyyətə başlayan “Mədəniyyət Könüllüləri” İctimai Birliyi yarandığı bir ildən az dövrdə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən çoxsaylı tədbirlərdə yaxından iştirak edib, mədəni inkişaf proseslərinə öz töhfələrini verməyə çalışıblar: “Həmin tədbirlərin bir çoxunun uğurla keçirilməsində məhz siz könüllülərin əzmi, gülərüzlülüyü və yorulmaz fəaliyyəti də yol oynayıb. Mədəniyyət könüllülərinin üzərinə gələcəkdə daha böyük vəzifələr düşəcək. Prezident İlham Əliyevin müəyyən etdiyi və mədəniyyət siyasətinin qayəsində milli-mənəvi dəyərlərimizin qorunması və gənc nəslə aşılanması, maddi və qeyri maddi mədəni irsimizin ölkədə və beynəlxalq səviyyədə təbliği və tanıdılması dayanır. Nazirlik olaraq gözləntimiz “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin bu işdə daha da yaxından iştirak etməsidir. Sizlərə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.
Milli Məclisin deputatı akademik Nizami Cəfərov, Xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artisti Faiq Sücəddinov və Xalq rəssamı Ömər Eldarov çıxış edərək mədəniyyət sahəsində könüllülüyün əhəmiyyətindən bəhs edib, gənclərimizin bu prosesdə aktiv iştirakının təqdirəlayiq olduğunu bildiriblər.
“Mədəniyyət Könüllüləri” İB-nin sədri sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli qurumun məqsədi və fəaliyyəti haqqında danışıb. O, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin İB-nin fəaliyyətinə göstərdikləri dəstəyə görə təşkilat tərəfindən təşəkkürnamə ilə təltif olunduqlarını diqqətə çatdırıb.
Daha sonra 2023-cü il ərzində həyata keçirilən tədbirlərdə xüsusi fəallığı ilə seçilən “Mədəniyyət Könüllüləri” İB-nin 10 üzvünə “İlin mədəniyyət könüllüsü” mükafatı təqdim edilib.
Sonda İB-nin fəxri üzvləri – solistlər Türkay Cəfərlinski, İlkin Dövlətov, Orxan Hüseynli və Ərəstun Quliyev tərəfindən Elza İbrahimovanın “Ey Vətən” mahnısı səsləndirilib.
Qeyd edək ki, “Mədəniyyət Könüllüləri” İB 2023-cü ilin aprel ayında fəaliyyətə başlayıb. Ötən müddət ərzində İB-nin üzvləri Teatr, Kino, Azərbaycan Dili və Ədəbiyyatı, Musiqi, Mədəniyyət və Yaradıcı Sənayelər, Mədəni İrs forumlarında, habelə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimində, Uşaq İncəsənət, “Muğam Aləmi”, III “Korkut Ata” Türk Dünyası Film festivallarında, 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində aktiv iştirak ediblər. Onlar həmçinin ölkəmizdə keçirilən Özbəkistan və Qazaxıstanın Mədəniyyət günləri, Vaqif Poeziya Günləri, eləcə də Füzuli və Laçın şəhəri günlərində də fəallıq göstəriblər.
“Mədəniyyət Könüllüləri” İB-nin təşkilatçılığı ilə də bu il müxtəlif tədbir və layihələr reallaşıb. Bu sırada “Sən də oxu!” adlı fləşmob, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert, “Zəfərin rəngi” adlı rəsm müsabiqəsi, istedadlı gənclərin tanıdılması və fəaliyyətinin stimullaşdırılması məqsədilə “Aparıcı kastinqi” və bir sıra ali təhsil müəssisələrində gənclərlə görüşlər keçirilib.

About Author