XƏBƏRLENTİ

xeberlenti.com

MOSKVANI GÖZLƏYƏN “QAÇILMAZ TERROR HÜCUMU”… – Qərb ölkələrinin xəbərdarlığı – blef, yoxsa reallıq?

Son günlər ardıcıl olaraq bir neçə Qərb dövləti öz vətəndaşlarına müraciət edərək, onları qətiyyən Rusiyaya səfər etməməyə, Rusiyada olanları isə ölkəni dərhal tərk etməyə çağırıb. Bu sıraya ABŞ ilə birgə İngiltərə, Kanada, Cənubi Koreya, Latviya və digər ölkələr daxildir.

Bundan öncə Almaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Rusiyaya səfər etməməyi məsləhət görüb. Əslində, Almaniya hökuməti əvvəllər də vətəndaşlarına Rusiyaya getməməyi tövsiyə etmişdi, lakin bu dəfə həmin tövsiyəyə “qəti şəkildə” ifadəsi də əlavə edilib.

Bundan sonra ABŞ-nin Rusiyadakı səfirliyi Rusiya FTX-sının İŞİD-in Əfqanıstan qolu olan bir hücrə tərəfindən sinaqoqa planlaşdırılan hücumun qarşısını aldığını bildirməsindən bir neçə saat sonra “ekstremistlərin Moskvaya qaçılmaz hücum planlaşdırdığı” barədə xəbərdarlıq edib.

Bütün ABŞ vətəndaşlarını dəfələrlə Rusiyanı dərhal tərk etməyə çağıran səfirlik təhlükənin mahiyyəti ilə bağlı heç bir təfərrüat açıqlamayıb. Lakin bildirib ki, insanlar konsertlərdən və izdihamdan çəkinməlidirlər: “Səfirlik ekstremistlərin Moskvada konsertlər də daxil olmaqla, böyük toplantılara hücum etmək üçün qaçılmaz(!) planlarının gözlənildiyi barədə hesabatları izləyir və ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində böyük toplantılardan çəkinmələrini tövsiyə edir”.

 

 

Hollandiyanın Moskvadakı səfirliyi də Rusiya paytaxtında və ölkənin digər böyük şəhərlərində yaşayan hollandiyalılara həftə sonu baş verə biləcək hücumlarla bağlı xəbərdarlıq edib. Səfirlik hollandlara tövsiyə edir ki, yaxın günlərdə ticarət mərkəzləri və konsertlər kimi insanların çox toplaşdığı yerlərdən uzaq dursunlar.

Məlum olduğu kimi, Rusiya FTX-sı Moskva sinaqoquna İŞİD silahlı qruplaşmasının bir hücrəsi tərəfindən hücum cəhdinin qarşısının alındığını bəyan edib. FTX Rusiyanın Kaluqa vilayətində “İŞİD-Xorasan” kimi tanınan qrupun fəaliyyət göstərdiyini iddia edib. İddia olunur ki, bu qrup Əfqanıstan, Pakistan, Türkmənistan, Tacikistan, Özbəkistan və İranda xilafət yaratmağa çalışır. O zaman həmin qrupun niyə məhz uzaq Kaluqada fəaliyyət göstərməsi qaranlıq qalır…

 

 

Zatən ABŞ-də Rusiya “qırmızı” olmaqla, ən yüksək terror xəbərdarlığı səviyyəsinə malik olan ölkələr sırasına aid edilir. Bu baxımdan Rusiya Əfqanıstan, Suriya, Yəmən, Cənubi Sudan və İranla eyni səviyyədədir. Bütün bunları ABŞ başda olmaqla, Qərbin Moskvaya qarşı apardığı hibrid müharibənin, o cümlədən informasiya müharibəsinin, Rusiyada aranı qarışdırmaq, əhali arasında çaşqınlıq, qorxu, gərginlik, hakimiyyətə qarşı narazılıq yaratmaq planlarının tərkib hissəsi kimi qələmə verənlər var.

Elə əksər Kreml təbliğatçıları da bu mövqedən çıxış edirlər. Lakin məsələnin maraqlı tərəfi odur ki, FTX sinaqoqa hücum cəhdinə dair öz müəmmalı açıqlaması ilə bir növ həmin “informasiya müharibəsi”ndə Qərbə kömək etmiş olur. Çünki xüsusilə də müharibə aparan bir ölkədə buna bənzər “hücum cəhdləri” çox ola bilər. Lakin reallaşmayan bu “cəhdləri” hər dəfə elan və “reklam” etmək Rusiyanın maraqlarına yox, qarşı tərəfin “Rusiyanı qarışdırmaq” planlarına xidmət etmiş olur. Belə olan halda sual yaranır ki, Ruisya FTX-sının belə məlumatları yaymaqda məqsədi nədir?

 

 

Məsələ ondadır ki, Rusiya da İŞİD-i ABŞ xüsusi xədmət orqanlarının “məhsulu” kimi təqdim edir və ola bilsin ki, FTX Rusiya daxilində ABŞ-nin “terror uzantıları” ilə uğurlu mübarizə görüntüsü yaratmağa çalışır. Əgər belədirsə, bu “uğur” əhali arasında həyacan yaratmaqla, əks effekt də verə bilər. Buna baxmayaraq, Rusiya FTX-sının öz siyasi maraqlarını reallaşdırmaq üçün istənilən dəhşətli addımlara əl atdığının dəfələrlə şahidi olmuşuq. Bu dəfə də hansısa bilmədiyimiz ssenarinin gerçəkləşməsi üçün istənilən varianta gedilməsi mümkündür.

Bunu anlamaq üçün 1999-cu ilin sentyabrında Vladimir Putin Baş nazir vəzifəsinə keçəndən dərhal sonra(bundan əvvəl FTX rəisi idi-red.) Rusiyanın Buynaksk, Moskva və Volqodonsk şəhərlərində baş verən silsilə terror aktlarını xatırlamaq kifayətdir. Həmin vaxt binaların zirzəmilərində yerləşdirilmiş partlayıcılar vasitəsilə bir neçə çoxmərtəbəli yaşayış binası partladıldı. Terror aktları nəticəsində 307 nəfər həlak oldu, 1700-dən çox insan müxtəlif dərəcəli xəsarətlər aldı. Bu partlayışlar çeçen yaraqlıların üzərinə atıldı və İkinci Çeçenistan müharibəsinin başlaması üçün bəhanə oldu. Rusiya hökuməti çeçen mücahidlərini günahlandırdı, lakin onların iştirakına dair heç bir real sübut təqdim edilmədi…

C.Məmmədov

About Author