Qaçaq Nəbi (1851-1896) Qafqazda çar Rusiyası əleyhinə 20 ildən çox davam edən qaçaq – partizan hərəkatının başçısı olaraq şəxsi igidliyi, şücaət və cəsarəti, xalqın sevgisi ilə 150 ildir Azərbaycan, İran, Türkiyə coğrafiyasında ən populyar qəhrəmana çevrilib.
Nəbi, Həcərin mücadiləsinin kimlərə qarşı olduğunu anlamaq üçün Zəngəzurun sonuncu qazısı, tarixçi, ilahiyyatçı Bəhlul Behcət (1869 Qubadlı, Dondarlı kəndi-15 mart 1938) “Qaçaq Nəbinin tarixi” (vəsiqə və sənədlər üzrə)” kitabında xalq qəhrəmanını belə səciyyələndirir: “Üsyançı qaçaqlardan biri və bəlkə də ən məşhuru, bütün hadisə və təfərrüatı ilə tarixini yazdığımız Qaçaq Nəbidir…çar və çarlıq zülmünə qarşı çıxan və xalqın arasında bu qədər şöhrət tapmış bu böyük şəxsiyyət…”. Həmin kitabın mündəricatındakı başlıqları köçürüb bura qoyuram; “Nəbinin Sarımsaqlı dağında Naxçıvan naçalniki Slovenski ilə davası və qar tığına düşməsi”, “Qaçaq Nəbinin Ərikli dağında üç naçalniklə davası”, Kürdlər, Göyçə, Naxçıvan, Zəngəzurdakı Çətəndaş, Qoparandağ, Qısırdağ, Güllüpir, Murov, Dikpiləkən və digər savaşların hamısında Nəbinin dəstəsi ilə döyüşənlər çar hakimiyyətinin müstəmləkə, zor gücləridir.
Kitabda Nəbinin həbsdən ilk qaçışı belə təsvir olunur; Nəbini Naxçıvanda qazamatda bir qədər saxlayıb sonra yatab ilə Şuşa şəhər türməsinə göndərirlər. Zəngəzur qəzasının içindən yolçular Gorus şəhərindən keçirdi, oradan da Şuşa şəhərinə aparılırdı. Nəbi piyada qolları bağlı, kazak gözətçiləri, qaravullar atlı idilər. Nəbi qolları bağlı halda dağ sıldırımı cığırdan keçəndə darısqal bir döngədə sıçrayıb yoldan çıxır, sıldırım qayalardan üzüaşağı dərəyə atlanıb aradan çıxır. Onun Şeyx Şamilin məşhur silahdaşı Hacı Muradın qaçışını xatırladan bu qaçışı o dövrün qəzetlərində də geniş əks-səda doğurmuşdu.
Professor Füzuli Bayat “Qaçaq folkloru sosial-iqtisadi və siyasi-mədəni kontekstdə” (Bakı, Elm və təhsil, 2019) kitabında maraqlı müqayisə aparıb; Аzərbаycаnın аyrı-аyrı qəzаlаrındа 100-dən аrtıq qаçаq dəstəsi olub ki, onların da içərisində ən şöhrətlisi Qаçаq Nəbinin və Qаçаq Kərəmin dəstəsi idi. Aşağıdakı müqayisə Qaçaq Nəbinin xalqın şifahi yaddaşında nə qədər möhkəm yer tutduğunun ifadəsidir; folklorumuzdakı 11 qaçaq dastanında cəmi 164 qoşma, gəraylı vardır ki, bunun da 83-ü, yəni yarıdan bir az çoxu Qaçaq Nəbinin payına düşüb. Bura yazılan roman, povest, pyes, poema, şeir, hekayələr, filmlər, Türkiyə və Güney Azərbaycanda bizdən heç də az sevilməyən Nəbi-Həcər ünvanlı dastan, şeirlər, Məhəmmədhüseyn Şəhriyarın dillər əzbəri məşhur “Qaçax Nəbi” şeiri də daxil deyil.
Xalqın qoşduğu bu dastan, nəğmələrdə də Qaçaq Nəbi mücadiləsinin bu əsas hədəfləri, ən böyük düşmənin kim olduqları adbaad göstərilib; urus, qubernat-qoburnat, naçalnik, pristav, kazak, saldat, kamandir, qazamat… erməni hampa və keşişləri, “sapı özümüzdən olan baltalar”…
1890-cı illərdə Peterburq, Tiflisdə çıxan “Qafqaz”, “Zaqafqaziya”, “Novaya vremya” qəzetlərində dəfələrlə Qaçaq Nəbinin rus, erməni silahlı dəstələrinə necə divan tutduğundan yazmışdı.
Peterburqda çıxan “Kafkaz” qəzetinin müxbiri Nəbinin 23 iyul 1894-cü ildə Ordubadın Qarçıvan kəndində yaşayan ermənilərin doğram-doğram elədiyi qardaşı Mehdinin intiqamını necə aldığını yerli-yataqlı yazıb çap etdirib; Nəbi rus naçalniki, qaçaqları rus kazakları geyimində guya Gorus türməsindən qaçıb bu kənddə gizlədilən məhbusun tapılması adı ilə kəndə girib hamını kilsəyə doldurur, Mehdinin ölümündə əli olan hər kəsin cəzasını verir, toplanan qəniməti 17 dəvəyə yüklədir, yol boyu kasıb kəndlilərə payladır, qalanını Arazın o tayına keçirdir, burda yoxsullara payladır. Qəzetin yaymış olduğu məlumatda, İrəvan general-qubernatorunun Tiflisə raportunda hampa və varlı keşişlərdən qarət edilmiş əmlakın dəyəri 29 min rubl göstərilir. Xəyanətkar ermənilərə layiqli dərs olan Qarçıvan hadisəsi barədə Tiflis arxivlərində sənəd-sübutlar var. Nəbinin özünü və dəstəsini aradan götürmək üçün bütün planları cızan, rus dəstələrinin bələdçiləri ermənilər olub və cəzalarını da yetərincə alıblar. Nəbi haqqında filmin çəkilişinə ən böyük etiraz ermənilərdən gəlmişdi. Nəbi qudurğan erməni hampası İsvonçun alnından atıb cəhənnəmə vasil edib ilk dəfə həbs olunmuşdu, həbsdən qaçıb ömrünün sonuna kimi partizanlıq etmişdi.
Maksim Qorki “Nijneqorodskoy listok” qəzetinin 1896-cı il 8 noyabr tarixli sayında dərc olunan “Qafqazda qaçaqlar” oçerkində yazırdı: Rusiyanın əyalətlərində həm xalqın müdafiə etdiyi mərd qaçaqlar və həm də xalqın nifrət etdikləri quldurlar olmuşdur…Adi bir soyğunçu quldur olan Qara Nəbinin fəaliyyəti ilə XIX əsrin sonlarında Azərbaycanda kəndli hərəkatına rəhbərlik etmiş xalq arasında populyar olan Qaçaq Nəbinin azadlıq mübarizəsi arasında bir ayrım xətti çəkin.”
İstedadlı yazıçı Cəlal Bərgüşadın “Bozatın belində” romanı bu epiqrafla açılır: “Dünyada mənə elə bir igid göstərin ki, iyirmi bir il el-obasından didərgin düşüb, öz ömür-gün yoldaşı ilə qaranlıq mağaralar da, qalın meşələrdə, qarlı dağlarda məskən salmış olsun. Dünyada mənə elə bir cəngavər göstərin ki, at belində yaşa dolub, at belində vuruşsun; at belində qocalıb, at belində həlak olsun”.
Nəbinin “cinayətlərini” araşdıran prokuror Jukovski “üsyan başçısı” maddəsi vermişdi və Peterburqa yazmışdı ki, Nəbi bildiyimiz qaçaqlardan deyil, buna yalandan qaçaq deyirlər. Bu, bəyləri, mülkədarları tamam qırmaq, torpağı yoxsul kəndlilərə paylamaq üçün qalxan güclü kəndli hərəkatıdır. Müstəntiq-silisçi Beçerovun topladığı Qaçaq Nəbi işinin həcmi 150 tom idi.
Naxçıvan quberniyasının polis rəisi çar II Nikolaya yazırdı: “Zəngəzur, Naxçıvan, Ordubad, Sisianda çoxlu tərəfdarları olan Nəbinin qaçaq hərəkatı təhlükəli bir şəkil almışdır”.
Məhəmməd Əmin Rəsulzadənin ən yaxın silahdaşlarından olmuş Hüseyn Baykara “Azərbaycan Milli İstiqlal Mücadiləsi” kitabının “Azərbaycan tarixində qaçaq hərəkatı” bölməsində yazır: “XIX əsrin axırlarındakı Azərbaycan qaçaqlarından üçünü əlimizdə olan məlumatlara və eşitdiklərimizə əsaslanaraq anlatmaq istəyirik. Nəbi həbs olunur. O, həbsdən qaçaraq həmfikirlərini ətrafına toplayır. Rus çar rejiminə və onun Azərbaycandakı əlaltıları olan bəylərə qarşı mübarizəyə başlayır…Qaçaq Nəbinin “partizan hərəkatında istismarçı imperializmə və rus çar rejiminə qarşı mübarizə” əsas yer tuturdu”.
Peterburqdan gələn təlimat, qəti tapşırıq üzrə Qaçaq Nəbinin və dəstəsinin tam məhvi məqsədilə çar generalları – Cənubi Qafqaz diyarının rəisi A.S.Şeremetyev, Yelizavetpol qubernatoru knyaz A.D.Nakaşidze, İrəvan qubernatoru A.A.Freze, İrəvan quberniya dəftərxanasının rəhbəri A.Saroyan, Naxçıvan qəzası rəisi A.S.Slavoçinskinin və digərlərinin teleqramları, bir-biri ilə yazışmalarından aydın görünürdü ki, 40-50 nəfərlik qaçaq dəstəsinə qarşı qurulan planlar hər dəfə Nəbinin və dəstəsindəkilərin cəldliyi, cəsarəti, həm də yerli əhalinin yaxın köməkliyi ilə boşa çıxır.
Rus çarizminin Cənubi Qafqazdakı generallarının Qaçaq Nəbinin və dəstəsinin tam məhvinin Qacarlar İranı və Osmanlı dövlətlərinin köməyi olmadan mümkünsüzlüyü barədə raport, məlumatlarını nəzərə alan Peterburq sarayı ən təcrübəli xəfiyyələrindən olan general-leytenant D. Skalonu məxsusi olaraq Qafqaza ezam edir.
General-leytenant D.Skalon Peterburqa raportunda Qaçaq Nəbi ilə bağlı vəziyyəti izah edərək yazırdı: “Əhali hakimiyyət orqanlarına bu quldurların yerini nəinki nişan verir, hətta, quldurlara böyük bir qonaqpərvərlik göstərir, inzibati orqanlar cinayətkarları tutmağa cəhd etdikdə, əhali açıqcasına onlara mane olur.”
1890-cı illərdə Nəbinin mübarizəsinin daha geniş əraziləri əhatə etməsi, dəstəsinə qoşulanların, tərəfdarlarının sayının get-gedə çoxalması çar hökumətinin narahatlığını artırırdı. Bu, arxivlərdə saxlanan sənədlərdə, o dövrdə Peterburq, Tiflisdə çıxan qəzetlərdəki yazılarda da aydın görünür. “Qafqaz”, “Zaqafqaziya”, “Novaya vremya” qəzetləri Rusiya hökumət qüvvələrinin Qaçaq Nəbiyə qarşı mübarizədə gücsüz olduğunu, onun azsaylı dəstəsinin tez-tez kazaklarla qeyri-bərabər döyüşlərə girib qalib çıxdığını dəfələrlə yazmışdı.
Sentyabrın 16-da Qaçaq Nəbinin növbəti dəfə Naxçıvana gəlişi İrəvan qubernatoru A. A. Frezenin Cənubi Qafqaz diyarının baş rəisi A. S. Şeremetyevə ünvanladığı təliqəsində də bu kimi eyni hallar rəsmən faktlarla təsbit olunur.
Nəhayət ki, 4 rus və 1 fars general – İran şahı Müzəffərəddin şahın yan-yörə adamlarından Bahadır xan Paşa da bu sırada olmaqla, axır ki, xain, xəyanətkar plan baş tutur: mühasirə xəlqəsinin daraldığını görüb bir müddət gözdən uzağa gedən – Kərbəladan dönən Nəbi Türkiyə ilə İran sərhəddi arasında olan Larni kəndində həm Rusiya, həm İran generallarından yaxşı vədlər almış rus casusları – hacı Fərəc, məşədi Paşa və Şahhüseyn pusquda durduqları dəyirmanın yaxınlığında arxadan atdığı güllələrlə Novruz çərşənbəsində Həcərlə, dəstəsi ilə görüşməyə tələsən 45 yaşlı Nəbini al-qanına qərq edərək qaçırlar. 12 mart 1896-ci il, Novruzdan əvvəlki çərşənbə axşamı idi.
Qaçaq Nəbi ilə illərlə duz-çörək kəsmiş bu namərdlərin törətdikləri qətl müqabilində nə qədər pul-para, qızıl aldıqları barədə də vəkalətləri, çar xəfiyyələrinin köməyi ilə gizlədikləri barədə arxivlərdə sənədlər saxlanır.
Qaçaq Nəbidən bəhs edib vəfalı ömür-gün yoldaşı Həcər xanımdan (1854-1919) danışmamaq bağışlanmaz günah olar. Bunlar qartalın qoça qanadlarıdır! Anadolu ellərində hər zaman “Kaçak Nebi ile Kaçak Hacer” dastanı heyranlıqla dinlənilir, onların şəninə qoşulan el mahnıları Arazın o tay-bu tayında olduğu kimi sevilərək oxunur. Tarixi sənədlər də sübut edir ki, 20 ildən çox partizan savaşı aparan Nəbinin dəstəsində 2-ci ən qoçaq, igid qaçaq elə Həcərdir. Qori müəllimlər seminariyasının məzunu, uzun müddət Gorus məktəbinin müdiri olmuş, Həcər xanımı yaxından görüb haqqında bilgilər toplayan P.Vostrikov yazırdı: “Həcər xanım da Nəbi kimi çox cəld silah işlədirdi. Onun atının sürətli çapacağında belə gülləsi hədəfdən yayınmırdı. Həcər həm də Nəbinin ən birinci köməkçisi idi”.
Qaçaq Həcər Azərbaycan qadınlarının vətənpərvərlik, igidlik, qoçaqlıq örnəyidir. Dünya tarixində 20 ilədək əlinə tüfəng götürüb əri ilə birlikdə partizanlıq edən, xalqın düşmənlərinə qarşı əri ilə birlikdə mübarizə aparan, qadın qəhrəmanlığını, şücaətini ən yüksək zirvəyə qaldıran Həcərin adı Azərbaycan xalqı üçün bir simvola çevrilib. “Qafqaz” qəzeti 1895-ci il 25 oktyabr tarixli sayında yazırdı ki, döyüşlərdə böyük əziyyətlərlə qarşılaşmış Həcər kişi kimi vuruşur, heç zaman təslim olmur, dəfələrlə qazamata salınsa da, öz inadından dönmür. Xalq “Qaçaq Nəbi” dastanında Həcərə sevgi, məhəbbətini bir çox hallarda Nəbidən daha üstün tutub, ali məqamda vəsf edib, həm də ona görə ki, O-xanımdır, Qadındır, Ulu Yaradan onu başqa missiya üçün yaradıb. Əldə silah kişilərlə birlikdə at belində gecə-gündüz o dağ sənin, bu qaya mənim, qarlı-sazaqlı günlərdə el-oba, çay, orman, keçidlərdə, qanlı savaşlarda yadellilərlə savaş qadın işi deyil. Həcər bu mənada bütün xarakteri ilə nə qədər möhtəşəm olsa da, o, həm də zərif cinsin təmsilçisi olan Qadındır. Həcərin bacısı Mehri də onunla birlikdə qaçaq düşmüşdü, əldə tüfəng savaşmışdı, qardaşı Məhəmməd Molla Xanalı oğlu da Nəbiyə qoşulub qaçaqçılıq etmişdi. O, hökumət adamları tərəfindən tutulub 10 il katorqaya sürgün edilmiş, cəzasını çəkib sağ-salamat kəndlərinə qayıtmışdı.
I və II Qarabağ savaşında Qaçaq Nəbi-Həcər soyunun bir neçə övladı şəhid və qazi olub, bir çoxu Türkiyə, Azərbaycanda layiqli sənəti, ictimai, humanitar fəaliyyətləri ilə etimad, hörmət qazanıblar.
2020-ci il sentyabrın 27-də başlanıb 44 gün davam edən Vətən müharibəsindən dərhal sonra Qaçaq Nəbinin və Qaçaq Həcərin dünyaya göz açdığı Qubadlının Mollu kəndində onların abidə kompleksi ucaldılıb.
“Qanlı zəmi” bədii filmində xalq qəhrəmanı Qaçaq Nəbinin dediyi məşhur sözlər var: “Arazın o tayı da, bu tayı da mənim doğma el-obamdır. Elin də o başı, bu başı olmaz. Bunu sırğa elə, as qulağından”. Həmin sözləri bir qədər dəyişərək deyə bilərik ki, Zəngəzurun Qərbi də, Şərqi də Vətəndir. Vətəni arana, dağa, aşağıya, yuxarıya bölmək olmaz. Vətəni bütöv görüb dərk etmək gərəkdir. Nəbinin əsas döyüş meydanı da Arazı o tayı, bu tayı idi, Qars, İğdır idi, harda lazım idisə, orada peyda olurdu.
Vətən belə möhtəşəm şəxsiyyətləri ilə Vətən olur, ucalır, böyüyür, şərəflənir.
Xalqımız əvəzsiz, bənzərsiz qəhrəmanlarını hər zaman sevgi, əbədi ehtiramla yaşadıb, yaşadır və əbədi yaşadacaqdır.
Mənbə: Hacı Nərimanoğlu “Qaçaq Nəbi tarixdә, elmi, yazılı vә şifahi әdәbiyyatda, incәsәnәtdә” monoqrafiyası, 2021-“Mütərcim” nəşriyyatı, 208 səhifə.