XƏBƏRLENTİ

xeberlenti.com

“PUTİN NATO İLƏ BİRBAŞA SAVAŞ İSTƏMİR, AMMA…” – ABŞ kəşfiyyatının yeni hesabatı

“O, öz hesablamalarının işə yaradığına inanır”

“Rusiya Prezidenti Vladimir Putin NATO ilə birbaşa qarşıdurma istəmir və o, asimmetrik tədbirlərlə məhdudlaşacaq”.

ABŞ kəşfiyyatının yeni hesabatında belə deyilir.

Hesabatda Rusiyanın böyük itkilər verdiyi, lakin buna rəğmən intensiv hərbi əməliyyatları davam etdirmək imkanına malik olduğu qeyd edilir: “Rusiya İkinci Dünya Müharibəsindən sonra heç vaxt olmadığı qədər çox itki verib – şəxsi heyət arasında təxminən 300 000 nəfər (həm bərpa olunmaz, həm də sanitar itkilər), eləcə də minlərlə tank və digər zirehli texnika itirilib”.

Kəşfiyyat bildirir ki, Putin bütün Ukraynanın işğal edilməsilə bağlı ilkin planını həyata keçirə bilməyib, Rusiya ordusu isə kadr çatışmazlığı, hərbçilərin tükənməsi və aşağı əhval-ruhiyyə faktı ilə üzləşib. ABŞ kəşfiyyatı bu problemlərin indidən sonra da davam edəcəyini proqnozlaşdırır.

Eyni zamanda qeyd olunur ki, işğalçı qüvvələr Ukraynanın yay əks-hücum əməliyyatlarını poza biliblər və indi vəziyyət Rusiyanın xeyrinə dəyişməyə başlayıb. Xüsusilə də Rusiya müdafiə sənayesi ona uzun müddət yüksək intensivlikli döyüş əməliyyatlarına tab gətirməyə imkan verəcək uzaq mənzilli silahların, artilleriya qurğuları, mərmiləri və digər silahların istehsalını tədricən artırır.

İcmalda həmçinin deyilir ki, Moskva 2023-cü ilin sonundan bəri döyüş meydanında böyük olmasa da, müəyyən uğurlar əldə edib və Qərbin Ukraynaya yardımla bağlı qeyri-müəyyənliyindən faydalanır: “Prezident Vladimir Putin yəqin ki, Ukraynanın əhəmiyyətli əraziləri azad etmək cəhdlərinin qarşısını ala bildiyinə, öz hesablamalarının işə yaradığına və xüsusən də İsrail və HƏMAS arasında müharibə fonunda Qərbin, o cümlədən Amerikanın Ukraynaya yardımının məhdudlaşdığına inanır”.

Kəşfiyyat bildirir ki, Ukraynaya qarşı başlayan müharibə Rusiya üçün böyük problemlərə çevrilib, lakin o, hələ də sabit və imkanlı rəqib olaraq qalır, sanksiyaların öz iqtisadiyyatı üçün nəticələrini yumşaltmağa çalışır, ABŞ və Qərbin Çin, İran və Şimali Koreya kimi əsas düşmənləri ilə əlaqələri gücləndirir.

Kəşfiyyatın gəldiyi nəticələrə görə, Moskva demək olar ki, NATO ilə birbaşa hərbi qarşıdurma istəmir və bu həddi keçməyərək “asimmetrik fəaliyyətlərlə” məhdudlaşacaq.

Kəşfiyyat bildirir ki, Pekinlə sıx iqtisadi əməkdaşlıq Rusiyaya enerji və digər resurslarının satışı üçün böyük bazar, gələcək sanksiyalardan daha çox müdafiə və ABŞ-yə qarşı mübarizədə güclü tərəfdaş tələbini təmin edir.

C.Məmmədov

About Author