XƏBƏRLENTİ

xeberlenti.com

Fiziki məhdudiyyətli şəxslər üçün Ramazan tədbiri keçirilib

Biz Bir Ailəyik əlilliyi olan şəxslərə dəstək ictimai birliyinin və Erfolg events MMC-nin birgə təşkilatşılığı,Umman Group-un baş sponsorluğu,AzPower MMC-nin sponsorluğu,N-Advert şirkətinin çap tərəfdaşlığı,İsmayılzadə Projects şirkətinin kreativ yərəfdaşlığı,Ələddin MMC-nin təşkilati dəstəyi ilə əlilliyi olan şəxslərlə birlikdə Ramazan Tədbiri keçirilmişdir.
Tədbirdə əlilliyi olan şəxslərlə yanaşı Azərbaycan Respublikasının Milli Məclisinin deputatı – Cənab Vüqar İskəndərov, fəxri qonaq Azərbaycan Dövlət Neft və Sənaye universitetinin rektoru Vazeh Əskərov,bir çox şirkət rəhbərləri,QHT sədrləri və könüllülər iştirak etmişdir.
Tədbirimizə başlamazdan öncə həzin və gözəl musiqi ifaları ilə Folklor Musiqi Qrupunun rəhbəri Respublikanın Əməkdar Artisti Fəzilə xanım Rəhimova və qrup üzvləri qonaqları qarşılamışdır.
Tədbir ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi Dövlət Himni ilə başlayıb.
Tədbirdə Milli Məclisin deputatı Vüqar İskəndərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Vazeh Əskərov, İctimai Birliyin sədri Günay Ağazadə çıxış edərək Ramazan ayının müsəlman aləmi üçün özünəməxsus dəyərə malik olduğunu, mərhəmət qapılarının açıldığını, edilən duaların İlahi dərgaha daha tez ucaldığını vurğulayıblar. Bu gözəl ayda hər kəsin cəmiyyətə xeyir verən əməllərdə bir-biri ilə yarışdığı, insanların Ramazan ayının fəzilətlərindən yararlanmağa çalışdığı qeyd edilib.
Ölkəmizdə aparılan dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bildirən natiqlər əlillərə qayğı siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıblar.
Sosial islahatların dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu, həssas təbəqənin daim Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduğu, onların problemlərinin həlli istiqamətində nəzərəçarpacaq addımlar atıldığı vurğulanıb. Bildirilib ki, xüsusilə fiziki məhdudiyyətli vətəndaşların bacarıqlarının üzə çıxarılması, mədəni istirahətinin təşkili üçün görülən ardıcıl tədbirlər nəticəsində həmin qəbildən olan vətəndaşların cəmiyyətə adaptasiyası istiqamətində müsbət nəticələr əldə olunub.
Ramazan ayında həssas təbəqədən olan vətəndaşlarla bir araya gəlməyin onlara mənəvi dəstəyin daha bir nümunəsi olduğu da qeyd edilib.
Çıxış edənlər hər kəsi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza və ölkəmizə əmin-amanlıq, firavanlıq arzulayıblar. Uca Yaradandan ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanların ruhuna rəhmət, qazilərə şəfa, Vətən keşiyində dayanan igid oğullara əzm, iradə və ayıq-sayıqlıq dilənib.
Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Xalq Artisti Könül xanım Xasıyevanın,qarmon ifaçısı görmə məhdudiyyətli Fidan Quliyevanın,görmə məhdudiyyətli prezident mükafatçısı Rəvanə Ağamirovanın, Cahan Musiqi qrupunun ifaları,TAC Rəqs qrupunun,COOL Band musiqi qrupunun, Milli Davul və Zurna qrupunun maraqlı çıxışları olub.
Tədbirin sonunda birliyin sədri Günay Ağazadə tədbirin keçirilmısinı dəstək göstərən şirkətləri və könüllüləri təşəkkürnamə ilə təltif ediblər.

About Author