XƏBƏRLENTİ

xeberlenti.com

Avropa Komissiyası Ukraynaya 1,5 mlrd. avroluq maliyyə yardımını ödəyib

Bu gün Avropa Komissiyası Ukrayna Mexanizmi çərçivəsində Kiyevə 1,5 milyard avro məbləğində müstəsna maliyyə yardımının ikinci hissəsini ödəyib.
Xeberlenti.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu ödəniş Avropa Komissiyası tərəfindən məhkəmə sistemi, çirkli pulların yuyulması ilə mübarizə, dövlət maliyyəsinin idarə edilməsi, biznes mühiti və kənd təsərrüfatı sahəsində islahatlarla bağlı razılaşdırılmış siyasət şərtlərinin, habelə maliyyə vəsaitlərinin şəffaf və səmərəli istifadəsini təmin etmək üçün hesabat tələblərinin müsbət qiymətləndirilməsindən sonra həyata keçirilir.
Ukrayna Mexanizmi çərçivəsində maliyyə dəstəyinin ümumi ilkin şərti effektiv demokratik mexanizmlərə hörmət etməkdir.
Xatırladaq ki, mart ayında Avropa Komissiyası bu maliyyə yardımı çərçivəsində 4,5 milyard avroluq ilk tranşı təsdiqləmişdi. Bugünkü ödənişlə Aİ Ukrayna Mexanizminin martın 1-də qüvvəyə minməsindən sonra ölkənin makromaliyyə sabitliyini dəstəkləmək üçün Ukraynaya 6 milyard avro ayırıb. 2022-ci ilin fevral ayından etibarən isə Aİ-nin Ukrayna və onun xalqına ümumi dəstəyi 98,5 milyard avro təşkil edir.
Maliyyə yardımın təsdiqlənməsi ilə bağlı Avropa Komissiyasının prezidenti Ursula von der Leyen deyib ki, Ukrayna öz çiyinlərinə ağır yük daşıyır: “Ukrayna hamımız üçün öz çiynində ağır yük daşıyır. Bu gün ayırdığımız əlavə 1,5 milyard avro Ukraynanın təcavüzkarla mübarizə apararkən dövlətin və əhalinin əsas xidmətlərini təmin etməyə davam etməsini imkan verəcək. Bu, 50 milyard avroluq Ukrayna Mexanizmi çərçivəsində müntəzəm və proqnozlaşdırıla bilən ödənişlərə yol açacaq. Avropa Ukraynanı dəstəkləməkdə vahid və qətiyyətli olaraq qalır”, – von der Leyen vurğulayıb.

About Author