Azərbaycan Respublika Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Abşeron rayonu üzrə sədri Simarə Süleymanova və Goradil kənd tam orta məktəbinin direktoru Rəmziyyə Heydərovanın təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Yusifov İlqarın xatirəsi anılıb.
Tədbirdə şəhidin həyat yoldaşı, silahdaşları, Respublika Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Abşeron rayonu üzrə sədri Simarə Süleymanova, Abşeron rayon İcra Hakmiyyətinin nümayəndəsi Hafiz Hacıyev, məktəbin rəhbər heyəti, müəllimlər və şagirdlər iştirak ediblər.
Məktəbin direktoru Rəmziyyə Heydərova çıxış edərək, şəhidlərimizin adının yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin roluna diqqət çəkib: “Şəhidlərimizin qanı ilə yazılmış tariximiz bizim ən böyük qürurumuzdur. İlqar Yusifov kimi qəhrəmanlarımızın xatirəsini yaşatmaq nəsillərimizin müqəddəs borcudur.”
Tədbirdə söz alan şəhid Yusifov İlqarın həyat yoldaşı Rəna Yusifova şəhidlə olan xatirələrini bölüşərək, onun vətənpərvərliyindən, igidliyindən və ailə dəyərlərindən danışıb.
“İlqar mərd həyat yoldaşı idi. O, Vətəninə sadiq qaldı və son nəfəsinə qədər döyüşdü. Onun timsalında bütün şəhidlərin adını yaşatmaq üçün övladlarımızı İlqar kimi vətənsever yetişdirməyə çalışmalıyıq.”
Rəna Yusifova şəhid İlqar Yusifova aid hazırlanmış məlumat lövhəsini təqdim edib.
Respublika Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Abşeron rayonu üzrə sədri Simarə Süleymanova çıxışında şəhidlərimizin adının əbədiləşdirilməsinin vacibliyini vurğulayaraq, onların ailələrinə dəstək göstərilməsinin önəmindən bəhs edib. Qeyd edib ki, məktəbə əvvəlki səfərlərində şəhid İlqar Yusifovu xatırladan lövhəyə rast gəlməyib. Gənc nəslin şəhid haqqında məlumatlı olması üçün məlumat lövhəsini hazırlamağı özünə borc bilib. Bugünki tədbirin əsas səbəblərindən biri də məhz həmin lövhəni şagirdlərə təqdim etməkdir.
“Bizim əsas məqsədimiz şəhidlərimizin adını yaşatmaq və onların ailələrinə kömək əlini uzatmaqdır. İlqar Yusifov kimi igidlərimizin xatirəsi əbədi yaşayacaq. Onların qanı ilə suvarılan torpaqlarımız əbədi Azərbaycan torpağı olaraq qalacaq.”
Simarə Süleymanova çıxışında jurnalist Türkanə Səfərovaya göstərdiyi dəstək üçün təşəkkürünü bildirib.
Daha sonra tədbirdə çıxış edən Abşeron rayon İcra Hakmiyyətinin nümayəndəsi Hafiz Hacıyev şəhid haqqında iştirakçılara geniş məlumat verib:
“İlqar Əliməstan oqlu Yusifov 1962-ci il aprel ayının 24-də Abşeron rayonunun Goradil kəndində anadan olmuşdu. 1969-cu ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində orta məktəbin birinci sinfinə getmiş, sonra Goradil məktəbinə dəyişilərək təhsilini burada başa vurmuşdu. O, 1980-1982-ci illərdə həqiqi hərbi xidmətini uzaq Qazaxıstanda çəkmiş, əsgəri borcunu qurtaran kimi Vətənə dönmüşdü. Həmin vaxtdan Goradil kəndində yerləşən Suvarma Sistemləri idarəsinda traktorçu işləyən İlqar 1990-cı ildə ailə həyatı qurur. 1994-cu ilin martında orduya çaqırılanda İlqar 1 saylı avtobus parkında çilingər işləyirdi. Tezliklə onu Füzuli cəbhəsinə göndərirlər. Son döyüşü də bu cəbhədə olur. 23 aprel 1994-cü il tarixdə Abşeron rayonunun Goradil kənd qəbristanlığında dəfn edilmişdir. İlqar Yusifovun adı əbədiləşdirilərək Goradil kənd orta məktəbinə verilmiş, kəndin bir küçəsi də onun adı ilə adlandırılmışdır.”
Daha sonra şəhidin müəllimi olan Səadət Əliyeva, şəhidin döyüş yoldaşı Sərdar Əliyev İlqar Yusifov haqqında xatirələrini bölüşüblər.
Tədbir çərçivəsində məktəb şagirdləri – Qəmbərova Günəş, Qəmbərov Fərman və İsmayılov Vüsal şəhidlərimizə həsr olunmuş mahnılar oxumuş, müxtəlif sinif şagirdlərinin ifasında şeirlər və teatr səhnələri sərgilənmişdir.
Sonda məktəbin direktoru Rəmziyyə Heydərova iştirakçılar üçün ehsan süfərsi açıb.
