Baş Prokurorluq Qərbi Azərbaycandan deportasiya ilə əlaqədar cinayət işləri başladıb.
Bunu Baş Prokurorun müavini Elmar Camalov “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.
O qeyd edib ki, Qərbi Azərbaycana qayıdışla bağlı hüquqi aspektlərin arasında Ermənistan və onların havadarları tərəfindən Qərbi Azərbaycanda yaşamış soydaşlarımıza qarşı əsrlər boyu törədilən cinayətlərin müəyyən edilməsi, sübuta yetirilməsi, qanunvericilikdə nəzərdə tutulan qaydada və beynəlxalq standartlara uyğun rəsmiləşdirilməsi, mümkün təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi önəmli rol oynayır.
“Bu səbəbdən 2023-cü il martın 30-da Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 soyqırımı, 107 əhalinin deportasiya etmə və ya məcburi köçürmə, 109 təqib və 120.2-4, 120.2.7 qəsdən adam öldürmə maddələri ilə cinayət işi başlanmış və cinayət işinin aparılması Respublika Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Cinayət işi üzrə istintaq qrupu yaradılaraq zəruri araşdırmaların aparılması, tarixi həqiqətlərin ortaya çıxarılması, Qərbi Azərbaycanda yaşamış, deportasiya və soyqırıma məruz qalmış şəxslərlə bağlı bütün təsdiqedici materialların toplanması və əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına, Milli Elmlər Akademiyasına, Dövlət Statistika Komitəsinə, Qərbi Azərbaycan İcması İctimai birliyinə, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə və digər çoxsaylı aidiyyəti orqanlara müvafiq sorğular edilib, əməliyyat axtarış fəaliyyətini həyata keçirən qurumlara əməliyyat tapşırıqları göndərilib”, – deyə o, qeyd edib.
E.Camalov əlavə edib ki, bu barədə tədqiqat aparmış bir sıra araşdırmaçılar sübutların toplanması məqsədilə cinayət təqibi prosesinə mütəxəssis qismində cəlb olunub.
“Tarixçi və Dilçi alimlər dindirilmiş çoxsaylı kitablar və tarixi sənədlər əldə edilməklə iş materiallarına əlavə edilmiş və digər bu kimi zəruri prosessual tədbirlər icra olunub”, – deyə o əlavə edib.