Cari ilin 10 oktyabr tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Azərbaycan xalqı üçün müqəddəs olan, türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi əlamətdar hadisədir. Azərbaycan iqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi önəm verir. İƏT regionumuz üçün böyük iqtisadi potensialdan daha səmərəli istifadə, region dövlətləri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Ölkəmiz təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. Şuşa şəhərinin 2026-cı il üçün İƏT -in turizm paytaxtı edilməsi əlamətdar hadisədir.
Azərbaycan daim sülhün tərəfdarı və regionda sülh təşəbbüslərinin müəllifi olub. Otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir. Xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır. Hazırda Ermənistan Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır. 2020-ci ildə əzəli torpaqlarımız erməni qəsbkarlarının işğalından azad edildikdən sonra irimiqyaslı bərpa-quruculuq işlərinə başlanılmışdır. Qıza zaman kəsiyində işğaldan azad edilmiş ərazilərdə vacib infrastruktur layihələr həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü hava limanı hazırda Laçın şəhərində inşa edilir.
İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən layihələr çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunmuşdur. Növbəti üç ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır.
Azərbaycanın İƏT-də sədrlik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” kimi müəyyən edilməsi hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir. Dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir.
Azərbaycan etibarlı tranzit ölkədir və bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır. Şərq-Qərb marşurutu üzrə yükdaşımalara təlabatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı planlaşdırırıq. Həmçinin İran İslam Respublikası nın ərazisi vasitəsilə Naxçıvana çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi istiqamətində fəal işlər görür.
İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparamaq və səyləri davam etdirmək, əlaqələndirmək üçün əhəmiyyətli platformadır. Bu platforma ətrafında daha məqsədyönlü işlərin aparılması, ölkələrin rasional hədəfləri istiqamətində davamlı belə dədbirlərin keçirilməsi məqsədəuyğundur.
Beləliklə, Azərbaycan hər zaman olduğu kimi, bu beynəlxalq tədbirin də uğurla alınması və ümumi məqsədlər ətrafında naliyyətlər əldə edilməsində öz prinsiplərini ortaya qoymuş oldu.
Mürvət İbrahimov,Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, tarixçi