Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransaya Ermənistanı silahlandırmamaq barədə çağırış edib.
Xeberlenti.com TRT-yə istinadən xəbər verir ki, Ərdoğan Yunanıstandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
“Fransanın etdikləri sadəcə təxribatdır. Fransa bilməlidir ki, Ermənistana yaxşılıq etmir, əksinə, pislik edir. Fransa əvvəllər Ermənistana çoxlu dəstək verib. Nə nəticə əldə etdilər? Fransa Minsk qrupu komandasındadır. İş bitib, heç bir nəticə əldə etməyib, vəziyyət belə olduğu halda Ermənistanı yenidən təxribata çəkir. Zirehli daşıyıcıları göndərsəniz nə olar? Buradan nəticə əldə edə bilməzsiniz. Çünki indi öz ərazisinin işğalına son qoyan Azərbaycan var. Qarabağ nəticəsi göz qabağındadır. İndi bu hərbi maşınları göndərəcəksən, nə alacaqsan?”, – o deyib.
“Nəticə alacaqlarına inam yox, sadəcə Ermənistanı aldadırlar. Ermənistan rəhbərliyi son təcrübələrindən dərs almalı və bu təxribatlara əl atmamalıdır. Sülh fürsətindən istifadə edib Ermənistanı çaşdıran ölkələrin toruna düşməmək Ermənistanın marağında olardı. Azərbaycanla sülhə əsaslanan münasibətlər Ermənistan üçün ən yaxşı variantdır. Əlinə silah verənlər qısa zamanda Ermənistanı tək qoyacaqlar”, – Türkiyə prezidenti qeyd edib.Xatırladaq ki, bir müddət əvvəl rəsmi Paris İrəvana zirehli maşınlar göndərmişdi. Bundan əlavə, Ermənistana hava hücumundan müdafiə sistemləri və radarlar göndərmək barədə razılıq əldə edilmişdi.