BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) Avropa regionu üzrə Komissiyasının növbəti iclası Azərbaycanda keçiriləcək.
Xeberlenti.com xəbər verir ki, bu barədə qərar UNWTO-nun Albaniyanın paytaxtı Tiranada keçirilən 70-ci iclasında qəbul edilib.
“2024-cü ilin martında Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Komissiyanın 71-ci iclasına ev sahibliyi etmək üçün yazılı şəkildə Azərbaycanın namizədliyini irəli sürüb. Katiblik şifahi qeyd yolu ilə Avropa Komissiyasının bütün üzvlərinə namizədlik barədə məlumat verib. Bu sənədin verildiyi tarixə kimi Katiblik yalnız Azərbaycanın namizədliyini qəbul etmişdi.
Komissiya yetmiş birinci iclasa ev sahibliyi etmək üçün öz namizədliyini təqdim etdiyinə görə, Azərbaycana təşəkkürünü bildirir və dəvəti qəbul edir.
Katibliyə lazımi tədbirlərin görülməsini və işin təşkili üçün dəstək təklif edilməsini tapşırır”, – UNWTO-nun yaydığı məlumatda qeyd olunub.
2025-ci ilin ikinci rübü ərzində iclasın keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Azərbaycan 2014-cü ildə 57-ci iclasa da ev sahibliyi edib.