XƏBƏRLENTİ

xeberlenti.com

Dilqəm Əhməd – Finlandiyada çıxan Azərbaycan qəzeti ( “Yeni Turan”)

Azərbaycan Cümhuriyyətinin işğalından sonra mühacirətdə yaşayan siyasi xadimlər müxtəlif jurnal və qəzetlər nəşr ediblər. Onlardan biri də uzaq Finlandiyada Zəngəzurdan olan millət vəkili Məhəmmədsadıq Aranın çıxardığı “Yeni Turan” qəzetidir.

Qəzetin ilk sayı 1931-ci ilin noyabrında çıxıb. Qəzetin Baş mühərriri həmin il Finlandiyada yaşayan Məhəmmədsadıq Aran, imtiyaz sahibi Abdullah Ahsan olub. Qəzetin ünvanı bu şəkildə qeyd edilib:

“Lantinenpuistokatu 38 A. Tampere. Finland”. Qəzetin ilk sayında yer alan “Yolumuz” başlıqlı yazıda qəzetin məqsədi bu şəkildə izah olunub: “Cahan millətləri arasında şərəfli bir tarixə, varlığa malik olan böyük Türk millətinin mühüm bir qismi bugün əsarət altındadır. Xüsusilə Rusiyanın təhəkkümü altında olan 30 milyonluq türk qövmü çox ağır fəlakət günləri yaşamaqda və bu vəziyyətdən qurtulmaq üçün mücadilə aparmaqdadır. Bu qurtuluş mücadiləsini dəstəkləmək və müdafiə məqsədilə biz də nəşriyyata başlayırıq”.

Qəzetin ilk məqaləsi də “Türklük-rusluq mücadiləsi” adlanıb. Qəzetin 4-cü sayında imtiyaz sahibi olaraq İbrahim Arifulla qeyd olunub. Yeni ünvanı isə bu şəkildə yazılıb: İso Robertinkatu 4 B 12. Helsinki Suomi.

Qəzetin cəmi 9 sayı işıq üzü görüb. Sonuncu sayı 1933-cü ilin mayında çıxıb. Qəzetdə türk dili ilə yanaşı finland dilində də məqalələr verilib.

Birinci sayı – Qəzetin ilk sayında M. Aran “Türklük-rusluq mücadiləsi” adlı məqalə yazıb. Bu məqalədə Türkiyə dövlətinin əhəmiyyətindən bəhs edilib, onun qurucusu haqqında xoş sözlər yazılıb: “Türkiyə bizim iftixar yerimizdir. Onun böyük rəhbəri Qazi Mustafa Kamal bütün türklər üçün əmsalsız bir varlıqdır. Biz onu candan sevir, alqışlayırıq”.

İlk sayda Aran M. Sisyanlı imzası ilə “Yapon-Çin hadisəsi və Sovet Rusiyası”, Sənan imzası ilə isə “Vəhşət xəbərləri” adlı məqalələr nəşr edilib. Bu nömrədə “Milliyyət fikrinin zəfəri adlı” Ərdoğan imzası ilə geniş məqalə də verilib.

İkinci sayı – Qəzetin 1932-də çıxan ikinci sayında M. Aran “Türklük-rusluq mücadiləsi” adlı məqaləsinin ikinci hissəsini yazıb. Bu sayda ermənilərin qondarma qətliam iddiaları, eləcə də mühacir ermənilərin azərbaycanlıların yaşadığı bölgələrə köçürülməsi ilə bağlı məqalələr dərc edilib. Solovkidə sürgün həyatı yaşayan türklər haqqında da bilgilər verilib.

Üçüncü sayı – Qəzetin fevral 1932-ci ildə çıxan üçüncü sayında M. Aran “Türklük-rusluq mücadiləsi” adlı məqaləsinin üçüncü hissəsini dərc etdirib. Bu nömrədə “Azərbaycan qan içində”, “800 illik Azərbaycan xəritəsi”, “Vəhşət xəbərləri”, “Bir millət necə yüksəlir?” adlı yazılar və şeirlər işıq üzü görüb.

Dördüncü sayı – Qəzetin aprel 1932-ci ildə çıxan dördüncü sayında M. Aran “Türklük-rusluq mücadiləsi” adlı məqaləsinin dördüncü hissəsini dərc etdirib. Bu nömrədə “Türk ellərində qanlı hadisələr”, “Solovki firariləri”, “Finlandiyada” kimi yazılar yer alıb. Ərdoğan imzası ilə geniş həcmli “Türk aləmində Azərbaycanın mövqeyi” adlı məqalə işıq üzü görüb.

Bu yazıda Azərbaycanın Türküstan üçün olan önəmindən də bəhs edilib: “Azərbaycanda hər cür məktəblərin çoxluğu və irəliləməsi Türküstan ilə İran Azərbaycanı türklərinin bu məktəblərə axın etməsinə səbəb olmuşdur”.

Beşinci sayı – Qəzetin may 1932-ci ildə çıxan beşinci sayında baş yazı Cümhuriyyətin ildönümünə həsr edilib, Azərbaycan xəritəsi verilib. “Türkçülük və milli cəbhə birliyi” adlı baş yazısında M. Aran türk xalqlarının birlikdə mücadiləsinin gərəkliliyindən bəhs edib.

“Azərbaycan türklərinin istiqlal mübarizəsi” adlı məqalədə yazılıb: “28 Mayda Azərbaycan türkləri öz istiqlalını elan etməklə öz yurdunda bir milli türk mədəniyyəti qurmaq, türk sənəti, türk ədəbiyyatı, türk həyatı yaratmaq istəyirdi. Bu gün Rusiyanın qırmızı çarlığı bu idealı qanla boğmaq üçün çalışır… Ey qəhrəman, igid azəri mücahidi! Sən istiqlalını bir dəfə qura bildin, ikinci dəfə qurmaq bacarığına da maliksən…”

Altıncı sayı – Qəzetin iyul 1932-ci ildə çıxan altıncı sayında M. Aranın “Türkçülük və milli cəbhə birliyi” məqaləsinin ikinci hissəsi dərc edilib. İlk səhifədə məşhur partizan Samuxlu Məhəmmədqasım bəyin şəkli və haqqında xəbər verilib. “Helsinkidə Azərbaycan günü” adlı məqalədə Finlandiya paytaxtında 28 May mərasiminin keçirilməsindən bəhs edilib. Bu tədbirdə M. Aran “Milliyyət və hakimiyyət” mövzusunda mühazirə oxuyub.

Yeddinci sayı – Qəzetin 30 oktyabr 1932-ci ildə çıxan yeddinci sayının baş məqaləsi M. Aranın “Türk zəfəri” adlı yazısıdır. İlk səhifədə Mustafa Kamal Atatürkün şəkli verilib. Bu sayıda “Finlandiya və Türkiyə”, “Yeni Türkiyə haqqında”, “İdil-Ural türkləri” adlı yazılar və bir çox şeir dərc olunub.

Səkkizinci sayı – Qəzetin yanvar 1933-cü ildə çıxan səkkizinci sayının baş məqaləsi M. Aranın “Rusiyanın ölümü!” adlı yazısıdır. “Rus tarixində kalmukların rolu”, “Krım haqqında” kimi yazılar və şeirlər işıq üzü görüb.

Doqquzuncu sayı – Qəzetin may 1933-cü ildə çıxan doqquzuncu – sonuncu sayında baş xəbər “Turan Ocağı”nda” adlanır. Bu yazıda M. Aranın sədri olduğu təşkilatda İdil-Ural şairi Abdulla Tokay haqqında Helsinkidə baş tutan mərasimdən bəhs edilib, törəndən şəkillər verilib. Bu sayın baş məqaləsi M. Aranın “Açıq söz” adlı yazısıdır. Son sayıda “Azərbaycan günü”, “Rus-yapon ixtilafı”, “Qürbətdə türk şəhidliyi” kimi xəbərlər dərc olunub.

Təəssüf ki, uzaq Finlandiyada çıxan bu mühacir nəşr 9-cu sayıdan sonra qapanıb. Qəzetdəki məktublardan aydın olur ki, mətbu orqana Türkiyədən də abunəçilər olub, bu ölkədə də yayılıb. Əlimərdan bəy Topçubaşının 23 iyun 1933-cü ildə Parisdən Məhəmmədsadıq bəyə göndərdiyi məktubdan aydın olur ki, “Yeni Turan” qəzeti onun da ünvanına göndərilirmiş…


About Author