XƏBƏRLENTİ

xeberlenti.com

Faiq Sadıqov – AĞDAM PAYTAXT OLSA…

Birinci Qarabağ müharibəsinin əvvəlindən sonunadək döyüş bölgələrində olmuş və Qarabağa yaxşı bələd olan bir jurnalist kimi bu təklifi əsaslandırmaq üçün müəyyən arqumentlərim var.

Əvvəla, o dövrün şahidləri yaxşı xatırlayır ki, münaqişənin əvvəlində  Qarabağın yaşayış məntəqələrindəki vəziyyət və ermənilərin törətdikləri vəhşiliklər paytaxt Bakıya ya çatmırdı, ya da çatanda qulaqardına vurulurdu və onda da artıq gec olurdu. Əks halda Xocalı soyqırımı törədildikdən sonra ölkə rəsmiləri ermənilərin sovet ordusunun 366-cı alayının hücumu zamanı Xocalıda yalnız bir neçə nəfərin yaralandığı barədə yalan məlumatı xalqa sırımazdı. Yaxud Şuşa kimi qalanın işğalı barədə əhali bir neçə gündən sonra xəbər tutmazdı…

İkincisi, ölkəmizin xəritəsinə nəzər yetirdikdə görmək olar ki, Ağdam coğrafi baxımdan təxminən elə Azərbaycanın mərkəzində – Mil-Muğan, Qarabağ, Şirvan, Gəncəbasar və digər iqtisadi rayonların əhatəsindədir və paytaxt kimi həmin ərazilərin daha optimal idarə olunmasını asanlaşdıra bilər. Digər problem Bakı ilə bağlıdır. Bakı sürətlə böyüdükcə, gözəlləşdikcə əhalisi də artır. Bu amil isə şəhərdə əhalinin sıxlığını elə bir həddə çatdırıb ki, artıq paytaxtın prospekt və küçələrində nəinki avtomobillərin, az qala piyadaların hərəkətində də tıxaclar yaranır. Bununla paralel olaraq şəhərin havası getdikcə ağırlaşır.

Üçüncüsü, onsuz da Ağdamda hər şey sıfırdan başlanıb. Onu elə tikmək olar ki, ölkənin hökumət strukturlarının, ali məktəblərinin və digər daha çox kontingetli idarəetmə və icra strukturlarının bir qismini orada yerləşdirmək mümkün olsun. Mənə elə gəlir ki, bu, Bakının gələcəkdə daha da ağırlaşacaq yükünün yüngülləşməsinə xeyli təsir göstərə bilər. Digər tərəfdən isə işğaldan azad edilmiş ərzilərimizin bərpa işlərinə diqqət və nəzarətin daha operativ təşkilinə, əlaqələndirmə işlərinin sürətlənməsinə şərait yaradar.

Ağdam həm də füsunkar təbiəti, saf havası, bulaqları, meşələri, çayları ilə zəngin olan ərazilərimizə, mədəniyyət paytaxtımız Şuşaya yaxın mövqedə yerləşir. Dünyanın ən abad şəhərlərində olduğu kimi, Ağdamın sakinləri istirahət və əyləncə vaxtlarını təbiət qoynunda keçirmək üçün gözəl fürsət əldə edər. Bu, həm də həmin regionda turizmin inkişafına güclü təkan verə bilər. Ağdamda başlayan tikinti işlərini Xankəndiyə doğru istiqamətləndirməklə əzəli torpaqlarımız olan Əsgəran, Xocalı və digər inzibati ərazilərimizi, həmçinin Xankəndini bir rayon kimi yeni paytaxta daxil etmək olar.


ƏN BAŞLICASI!
 O bölgənin ən yüksək zirvəsində tariximizin nadir dövlət xadimi və sərkərdəsi, Vətən müharibəsinin başlıca qəhramanı İlham Əliyevin dəmir yumruğunun möhtəşəm heykəlini ucaltmaq lazımdır. Birincisi, bu heykəl dövlət başçısının timsalında vətən müharibəsindəki şanlı qələbəni simvolizə edəcək. Digər tərəfdən də bu, bir  gözdağı olacaq. Uzun illərdir xalqımıza olmazın əzab-əziyyətlər yaşadan, qədim yurd yerlərimizi xarabazara çevirən düşmən (əgər Qarabağda qalsa) hər səhər yuxudan durub pəncərəsindən boylananda o əzəməti görsün, keçmişdəkiləri təkrarlamamaq üçün daim səksəkədə olsun .

Faiq SADIQOV,

Əməkdar jurnalist.

About Author