XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycanın Gürcüstanla strateji tərəfdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir

Azərbaycanın Gürcüstanla strateji tərəfdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir

Cənubi Qafqaz regionunun aparıcı dövlətləri olan Azərbaycan və Gürcüstan tarixən qədim dostluq və qonşuluq siyasətlərini xalqların rifahı və milli maraqlar üzərində qurmuşlar. Azərbaycanın enerji resurslarının Avropaya çatdırılmasında bu qonşu ölkə körpü rolunu oynayır. Bütün transmilli layihələrdə demək olar ki, Azərbaycanla bərabər çıxış edən Gürcüstan enerji siyasətimizin həyata keçirilməsi istiqamətində mühüm tərəfdaşlardan biridir. Hələ SSRİ dönəmindən ta müstəqilliyimizin ilk illərindək Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və Gürcüstan Prezidenti Eduard Şevarnadze ilə dostluq münasibətləri nəticəsində bir sıra layihələr reallaşdı. Bu layihələr bu gündə Prezident İlham Əliyev və Gürcüstanın hökumət başçısı İrakli Qaribaşvili tərəfindən uğurla davam etdirilir.
Bu münasibətlərin davamı olaraq carı ilin 8 oktyabr tarixində Prezident İlham Əliyev Gürcüstana rəsmi səfər etmişdir. Səfər çərçivəsində İlham Əliyevin mətbuata verdiyi bəyanat xüsusilə yaddan qalan olmuşdur. Prezident İlham Əliyev bildirmişdir: “Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün, həm bütün bölgə üçün çox vacibdir. Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və ya digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəkləyib. Ölkələrin ərzai bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır. Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Əgər buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər. Və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu və s”.
Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə icra etdiyi layihələr böyük əhəmiyyət kəsb edir. Bizdə güclü siyasi iradə və artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət daşıyır. Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırıılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Müstəqilliyimizin ilk illərində iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. 2022- ci ildə münasibətlərimizin 30-cu il dönümü qeyd olunmuşdur . Bundan əlavə, 1996- cı ilin martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyat keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. 1995- ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra Azərbaycanın Gürcüstanda səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009- cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu fəaliyyət göstərir.
Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri , Bakı-Tbilisi –Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.
Təkcə siyasi, iqtisadi və enerji layihələri sahəsində deyil, humanitar sahədə də Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir və bundan sonrada inkişaf etdiriləcəkdir.

Mürvət İbrahimov,
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, tarixçi

About Author