Gözqamaşdıran parıltısı ilə brilyantlar zərgərlik dünyasında xüsusi yer tutur. Brilyant yalnız estetik baxımdan deyil, həm də daşıyıcısının zövqünü və enerjisini əks etdirir.
Bəs brilliant alarkən nələrə diqqət etməliyik?
Mövzu ilə bağlı Azərbaycan Zərgərlər Assosiasiyası idarə heyətinin üzvü – sədrin müavini Rövşən Əmircanov “Xeberlenti.com”a açıqlamasında bildirib ki , almazlar təkcə zərgərlik məmulatlarını bəzəyən qiymətli daşlar deyil, həm də nadirliyi və təbii gözəlliyi ilə seçilən unikal minerallardır:

“Onların özünəməxsus parıltısı yalnız estetik baxımdan cəlbedici olmaqla qalmır, həm də daşıyıcının enerjisini və zövqünü ifadə edir və emosional aura yaradır. Hər bir brilyantda təbiətin gücü, onunla hazırlanan zərgərlik məmulatlarında isə insanın bu nadir daşa olan sevgisi və bağlılığı əks olunur. Təbii mənşəli brilyantlar nadirlikləri, tarixi dəyəri və geoloji sirləri ilə seçilir. Qiymətli daşlar arasında ən geniş yayılan və ən çox tələbat olan almaz yüksək möhkəmliyi, mükəmməl optik xüsusiyyətləri və uzunömürlülüyü ilə seçilən mineral kimi yüksək dəyərə malikdir.
Almazlar təbiətdə məhdud miqdarda rast gəlinir. Bu səbəbdən onların hər biri öz-özlüyündə unikal və nadirdir, hər biri fərqlidir. Yüksək optik parlaqlıq, güclü dispersiya və sərtliyi onların bənzərsiz estetik görünüşünə zəmin yaradan əsas xüsusiyyətlərdir. Beləliklə, brilyantlı zərgərlik məhsulları təbiətin möcüzəsi ilə insan yaradıcılığının qovuşduğu zirvəni təmsil edir. Brilyant daşlı zərgərlik məmulatlarının parıltısında yalnız daşın daxili strukturu deyil, həm də sənətkarın əməyinin incəliyi işıq saçır. Hər bir brilyantlı məmulat sahibinə bənzərsiz status, zövq və emosional dəyər bəxş edir”.
Müsahibimiz brilyantın orijinal olduğunu necə seçmək lazım olduğundan da danışıb :
“Təbii brilyant – yerin dərin qatlarında milyonlarla illik geoloji proseslər nəticəsində yaranan, nadirlik, sərtlik və parıltı ilə seçilən daşdır. Almazın xüsusi şəkildə təraşlanması nəticəsində brilyanta çevrilən bu daş həm estetik, həm də sərmayə baxımından ən çox tələb olunan qiymətli daş hesab olunur. Lakin onun zahiri görünüşü bəzi süni və ya saxta variantlarla oxşarlıq təşkil etdiyindən, həqiqiliyini ayırd etmək üçün bir sıra meyarlara diqqət yetirilməlidir.
İlk növbədə, brilyantın satış qiyməti onun mənşəyi və keyfiyyəti barədə mühüm göstərici hesab olunur. Təbii mənşəli brilyantların aşağı qiymətə təqdim edilməsi reallığa uyğun gəlmir və şübhə doğurur. Bu səbəbdən brilyantın orijinallığını müəyyənləşdirmək məqsədilə bir sıra peşəkar test və yoxlama üsullarından istifadə edilir. Ən geniş tətbiq olunan metodlardan biri isə 10x böyüdücü lupa vasitəsilə aparılan vizual müşahidədir. Bu zaman daşın daxilindəki təbii inklüziyalar , yəni geoloji proseslər nəticəsində yaranan təbii izlər – müəyyən edilə bilər. Sintetik mənşəli daşlar isə adətən qeyri-real dərəcədə şəffaf və qüsursuz görünüşə malik olur ki, bu da onların təbii almazlardan əsas fərqlərindən biridir.
Brilyant adı altında alıcılara təqdim olunan ən çox rast gəlinən saxta variantlardan biri muassanitdir. Bu daş zahirən brilyanta çox bənzəsə də, işıq sındırma xüsusiyyətləri fərqlidir: müassanit daha maviyə çalan, brilyant isə sarıya yaxın təbii işıltıya malikdir. Bu fərq onların optik göstəriciləri ilə – xüsusən işıq sındırma əmsalı ilə – izah olunur.
Son illərdə isə zərgərlik sənayesində daha ciddi çağırışlardan biri laboratoriya mənşəli süni almazların artmasıdır. Bu kateqoriyaya əsasən iki növ sintetik brilyant daxildir: CVD (Kimyəvi buxar yönümlü yetişdirilmə) və HPHT (yüksək təzyiq və yüksək temperaturda yetişdirilmə). Hər iki texnologiya vasitəsilə təbii almazlara çox bənzəyən yüksək keyfiyyətli sintetik almazlar yetişdirilir.
CVD üsulu zamanı karbon atomları xüsusi kamerada buxar halında qat-qat çökdürülərək kristal forma alır. Nəticədə , alınan brilyantlar yüksək səviyyədə şəffaflıq və saflıq nümayiş etdirir və vizual olaraq təbii daşlardan fərqləndirilməsi çətinləşir.
HPHT texnologiyası isə təbii almazların yerin dərinliklərində formalaşdığı geoloji mühiti laboratoriyada imitasiya edir. Burada karbon maddəsi çox yüksək temperatur və təzyiq altında preslənərək kristallaşır. Bu üsulla əldə olunan almazlar da fiziki və kimyəvi xüsusiyyətlərinə görə təbii daşlara bənzəyir.
Hər iki üsulla alınan məhsullar texniki cəhətdən real brilyant hesab olunur, sadəcə onların mənşəyi laboratoriyadır. Bu brilyantlar GIA (Amerika Gemologiya İnstitutu), IGI (Beynəlxalq Gemologiya İnstitutu) kimi nüfuzlu qurumlar tərəfindən “lab-grown diamond” (laboratoriyada yetişdirilmiş brilyant) kimi sertifikatlaşdırılır.
Süni mənşəli brilyantların üstünlüklərindən biri onların daha aşağı maya dəyərinə malik olmasıdır. Belə laboratoriya mənşəli brilyantlar xüsusən Hindistan və Çində yerləşən istehsal müəssisələrində cəmi 2-3 həftəyə yetişdirilir və optik göstəricilər baxımından təbii almazlardan demək olar ki, fərqlənmir.
Eyni zamanda, əsl brilyantlar adətən yalnız qızıl və platin kimi yüksək dəyərli metallarla birgə istifadə edilir. Əgər brilyant adlandırılan daş gümüş və ya digər ucuz metallara yerləşdirilibsə, bu, onun keyfiyyətinə dair suallar doğurmalı və ehtiyatlı yanaşmanı zəruri etməlidir”.
Rövşən Əmircanov brilyantın mənşəyini və keyfiyyətini müəyyənləşdirməyin ən etibarlı yolundan da söz açıb:
“Brilyantın mənşəyini və keyfiyyətini müəyyənləşdirməyin ən etibarlı yolu onun beynəlxalq sertifikatlarla təsdiqlənməsidir. GIA (Amerika Gemolji İnstitutu), HRD (Almaz üzrə Ali Şura) və digər tanınmış gemoloji laboratoriyalar tərəfindən təqdim olunan rəsmi sənədlər daşın təbii və ya sintetik olduğunu, kimyəvi tərkibini və optik xüsusiyyətlərini əks etdirir.
Hazırda Azərbaycanda da bu sahədə infrastrukturun inkişaf etdirilməsi istiqamətində addımlar atılır və yaxın illərdə beynəlxalq tələblərə cavab verən gemoloji mərkəzlərin fəaliyyətə başlaması gözlənilir.
İstehlakçılara tövsiyə olunur ki, brilyant alışı zamanı yalnız etibarlı və rəsmi mənbələrə müraciət etsinlər, təqdim olunan məhsulun keyfiyyətini və mənşəyini təsdiq edən sertifikatları diqqətlə yoxlasınlar, eləcə də bazar dəyərindən xeyli ucuz təkliflərə ehtiyatla yanaşsınlar”.
O həmçinin insanların daha çox hansı növ brilyantlara üstünlük verdiyindən də danışıb:
“Son illərdə brilyant bazarında seçim meyarları əhəmiyyətli dərəcədə dəyişmişdir. Ənənəvi olaraq nadir geoloji mənşəyi və tarixi ilə fərqlənən təbii brilyantlar zərgərlik dünyasında aparıcı mövqeyini qoruyur. Onların hər biri unikal kristal quruluşuna, dəyərə və yüksək sərmayə potensialına malikdir.
Bununla yanaşı, müasir texnologiyaların məhsulu olan laboratoriyada yetişdirilən brilyantlar qısa müddətdə bazarda mühüm seqment formalaşdırmışdır. Kimyəvi tərkibi və optik göstəriciləri təbii daşlarla eyni olsa da, belə brilyantlar daha münasib qiymətə satılır, etik istehsal prinsiplərinə cavab verir və ətraf mühitə minimum təsir göstərir. Xüsusilə gənc nəsil arasında büdcə səmərəliliyi və ekoloji məsuliyyət həlledici rol oynayır.
Bununla belə, sintetik brilyantlar təbii daşları tamamilə əvəz edə bilməz. Bir çox alıcı üçün daşın geoloji nadirliyi, əsrlərlə formalaşan simvolik dəyəri və investisiya etibarlılığı hələ də üstünlük təşkil edir. Məhz bu amillər təbii brilyantın premium statusunu qoruyub saxlayır.
Beləliklə, hazırkı mərhələdə bazarda paralel iki tendensiya müşahidə olunur:
Təbii brilyantlar – yüksək sərmayə dəyəri, nadirlik və mədəni prestij axtaran alıcılar üçün ideal seçimdir.
Laboratoriya mənşəli brilyantlar – münasib qiymət, şəffaf istehsal zənciri və ekoloji üstünlüklərə önəm verən istehlakçıların tələbatını ödəyir.
Alıcıların seçimlərinə qiymət, mənşəyin şəffaflığı, etik dəyərlər və həyat tərzi kimi amillərin təsir göstərəcəyi, həm təbii, həm də laboratoriya mənşəli brilyantların isə bazarda paralel şəkildə mövcud olacağı gözlənilir”.
Kəmalə Vəliyeva
Xeberlenti.com
