Etibar Əliyev, fəlsəfə üzrə fəlsəfə doktoru
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşı, ADA Universitetində təhsil alan 20 yaşlı Ardeshir Seyfpour Saad Abadin barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Əməli törədən şəxslərin 2009-cu ildə Bakıda anadan olmuş, “Landau School”un 11-ci sinif şagirdi Bərxudayeva Münəvvər Taleh qızı, 2010-cu ildə Bakıda anadan olmuş, “Landau School”un 10-cu sinif şagirdi Muradi Layla Samir qızı, 2010-cu ildə Bakıda anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Qaraşlı Şəfiqə Farid qızı və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadi olduğu müəyyən edilib.
Sual olunur: adları çəkilən şagird və tələbələr bir yerə necə toplaşa biliblər? Onları birləşdirən “dəyər” budurmu? “Landau School”un tərifi demək olar ki, hər gün gözümüzü deşir. “Landau School” da Qraffiti (italian dilində graffiare – qaşımaq) sənəti də öyrədilir?
Bəli, bu tip özəl məktəblərdə valideynlərdən illik 15-20 min manat təhsil haqqı “qaşıyırlar”.
Yüksək inkişaf etmiş Finlandiya təhsil sisteminin əsas komponentlərindən biri dərsdən sonra şagird və tələbələrin davranışına nəzarəti təşkil etməkdir.
Bu ölkədə 100.000-dən çox qeyri -hökumət assosiasiyası fəaliyyət göstərir ki, bunların böyük kəsimi təhsil yönümlüdür.
Əmrullayevin orta məktəblərində tərbiyə komponenti tarixin arxivinə atıldı. Bizdə Elm və Təhsil Nazirliyinin tanıdığı qeyri – hökumət təşkilatları var ki, onların bəziləri antimilli mövqedə dayanırlar. Məsələn, milyonlarla manat vəsaitin axıdıldığı “Yuva” feminist təşkilatın nümunəvi olaraq heç olmasa bir pozitiv layihəsinin adını kimsə çəkə bilərmi? Hətta onların parlaq nümayəndələrinin birinə nazirlikdə yüksək vəzifə verilib.
Müşahidə üçün dərsdən sonra orta və ali məktəblərin qabağında dayanıb şagird və tələbələrin davranışına diqqət edin. “Tik-tok” platformasından, “Bu şəhərdə”dən, Murad Dadaşov səviyyəsində olan “Komedixana”dan uşaq və yeniyetmələr nə götürsünlər? Biz özümüz yazıb özümüz oxuyuruq. Tərbiyə ilə bağlı vəziyyət çox acınacaqlıdır.
Yeri gəlmişən, deputat Qüdrət Həsənquliyev haqlı olaraq Ombudsmanı, ADA-nın rəhbərliyini həbs edilən tələbələri müdafiə etməyə çağırıb. Deputata görə, həbs qətimkan tədbiri ən azından dəyişdirilməlidir ki, tələbə təhsilini davam etdirə bilsin.
Tələbə üzr istəyib, məcburən vurduğu ziyanı ödəməklə cərimələnə də bilərdi. Düşünürəm ki, həbs qətimkan tədbiri onun təhsilinə amansız zərbə vuracaq.
