ABŞ-nin Vitse-prezidenti Cey Di Vens İran nümayəndə heyəti ilə nəticəsiz başa çatan danışıqlardan sonra Pakistandan ayrılıb.
“Report”un məlumatına görə, bu barədə vitse-prezidentin mətbuat xidməti məlumat yayıb.
“Flight Radar” servisinin məlumatına əsasən, “İki nömrəli bort” Pakistanın hava məkanını Tacikistan üzərindən tərk edib.
Bundan əvvəl Vens bəyan etmişdi ki, Vaşinqton və Tehran İslamabadda keçirilən danışıqların yekununda razılığa gələ bilməyib.
“İranlılarla bir sıra məzmunlu müzakirələr apardıq. Bu, yaxşı xəbərdir. Pis xəbər ondan ibarətdir ki, biz razılığa nail ola bilmədik… Bizə onların nüvə silahı yaratmağa çalışmayacaqlarına və onlara tez bir zamanda nüvə silahı yaratmağa imkan verəcək vasitələri əldə etmək cəhdlərindən çəkinəcəklərinə dair qəti zəmanət lazımdır. Sual ondan ibarətdir: biz onların təkcə indi və ya iki ildən sonra deyil, uzunmüddətli perspektivdə nüvə silahı hazırlamamağa hazır olduqlarını görürükmü? Biz bunu görmədik və hələ də görməyə ümid edirik”, – o bildirib.
**
Pakistanın paytaxtı İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu başlayıb.
Bu barədə “Report” İranın Dövlət Televiziyasına (IRIB) istinadən xəbər verir.
“İran və ABŞ-nin nümayəndə heyətləri Pakistan rəsmilərinin vasitəçi kimi iştirakı ilə İslamabadda üçtərəfli danışıqların yeni raunduna başlayıblar”, – məlumatda deyilir.
Daha əvvəl ekspertlər səviyyəsində və dar tərkibdə görüşlər keçirilib.
IRIB qeyd edib ki, bu, danışıqlar raundu çərçivəsində ümumi anlaşmaya nail olmaq üçün “son şans”dır.
***
11 aprel, 22:05
İran və ABŞ nümayəndə heyətləri arasında İslamabadda keçirilən danışıqlar daha bir gün uzadıla bilər.
“Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyinin müxbiri danışıqların keçirildiyi yerdən məlumat yayıb.
Dəqiqləşdirilib ki, bu məsələ üzrə yekun qərar hələ qəbul edilməyib.
“Ümumi məsləhətləşmələrdən sonra İran və ABŞ nümayəndə heyətləri arasında danışıqlar texniki detalların müzakirəsi ilə davam edib. Danışıqların bir gün üçün planlaşdırılmasına baxmayaraq, ekspertlər səviyyəsindəki müzakirələr üçün onların daha bir gün uzadılması ehtimalı var”, – məlumatda qeyd olunub.
“Reuters” Pakistan mənbəsinə istinadən qeyd edib ki, danışıqlar iki saat davam edib, bundan sonra nümayəndə heyətləri fasiləyə çıxıb. Agentlik qeyd edib ki, ABŞ-nin Vitse-prezidenti Cey Di Vens, xüsusi elçi Stiv Uitkoff və sahibkar Cared Kuşner İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf, XİN rəhbəri Abbas Əraqçi vəPakistan ordusunun qərargah rəisi Asim Munirlə birbaşa danışıqlar
***
CNN-in məlumatına görə, ABŞ və İran rəsmiləri arasında keçirilən danışıqlar bu dəfə birbaşa formatda baş tutur.
İran mənbələri CNN-ə bildiriblər ki, İslamabadda aparılan sülh danışıqları tərəflər arasında üzbəüz görüşlər şəklində həyata keçirilir.
Daha əvvəl isə müzakirələrin vasitəçilər üzərindən aparılıb-aparılmayacağı ilə bağlı qeyri-müəyyənlik mövcud idi.
ABŞ rəsmisi və regional mənbə yüksək riskli danışıqların həm birbaşa, həm də dolayı formatda keçiriləcəyini bildirmişdi.
Qeyd olunur ki, əvvəlki mərhələlər, əsasən, Omanın vasitəçiliyi ilə dolayı danışıqlar şəklində aparılıb, lakin ötən yaz nüvə müzakirələri zamanı bəzi birbaşa təmaslar da baş tutmuşdu. (“Qafqazinfo”)
***
28 fevralda ABŞ-İsrail hücumları ilə başlayan müharibədə 8 apreldə əldə edilən müvəqqəti atəşkəsdən sonra Tehran və Vaşinqton Pakistanda daimi atəşkəs üçün danışıqlara başlayıblar.
Pakistan mənbələri bildiriblər ki, ABŞ və İran arasında danışıqlar Pakistan vasitəçiləri vasitəsilə başlayıb.
Mənbələr qeyd ediblər ki, tərəflər Pakistan rəsmiləri ilə birbaşa danışıqlardan əvvəl “məsələləri həll etmək” üçün İslamabaddakı bir hoteldə Pakistan nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüşüblər.
Bir mənbə bildirib ki, “İki nümayəndə heyətinin nə vaxt üz-üzə görüşəcəyini hazırda deyə bilmərəm. Onlar hazırda Pakistan rəsmiləri ilə görüşürlər”.
İslamabad danışıqlarına İran tərəfindən Parlament sədri Məhəmməd Baqer Qalibaf rəhbərlik edir.
Danışıqlarda xarici işlər naziri Abbas Əraqçi, Müdafiə Şurasının baş katibi Əli Əkbər Əhmədiyan və Mərkəzi Bankın sədri Əbdülnasir Hemmati də daxil olmaqla, böyük bir İran nümayəndə heyəti iştirak edir.
ABŞ tərəfinə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edir. ABŞ nümayəndə heyətinə həmçinin Prezident Donald Trampın kürəkəni Cared Kuşner və Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff daxildir.
Vasitəçi kimi çıxış edən Pakistanı Baş nazir Şahbaz Şərif, Xarici İşlər naziri İshaq Dar və Ordu Qərargah rəisi, general Asim Munir təmsil edir.
Danışıqlardan əvvəl həm İran, həm də Amerika nümayəndə heyətləri Pakistanın Baş naziri Şəriflə ayrı-ayrı görüşlər keçiriblər.
