Son günlər “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndə genişmiqyaslı kadr islahatları həyata keçirilir.
Aparılan dəyişikliklər çərçivəsində qurumda rəhbər vəzifələrdə çalışan şəxslər, eləcə də bir sıra iri tibb müəssisələrinin direktorları tutduqları postlardan azad ediliblər.

Məsələn, bu gün vəzifəsindən azad olunanlardan biri də “Yeni Klinika”nın direktoru Barat Yusubov olub. O, açıqlamasında işdən çıxarıldığını təsdiqləsə də, qərarın səbəbləri barədə ətraflı məlumat verməyib. Qeyd edək ki, B. Yusubov 2022-ci ildən bu vəzifəni icra edirdi.
Eyni gündə digər mühüm tibb müəssisəsində də rəhbər dəyişikliyi baş verib.

Könül Ələkbərov Klinik Tibbi Mərkəzin direktoru vəzifəsindən azad olunub. Məlumata görə, o, TƏBİB-ə dəvət edilərək ərizəsi alınıb.
Kadr dəyişiklikləri bununla məhdudlaşmayıb. Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova da vəzifəsindən azad edilib. Onun yerinə müavini Kamil Hacıyev təyin olunub.
Digər diqqət çəkən dəyişiklik isə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində qeydə alınıb. Mərkəzin direktoru Mirələm Cəlalov da vəzifəsindən azad olunub. Xatırladaq ki, o, bu posta 2023-cü ilin yayında, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə müvafiq respublika mərkəzinin birləşdirilməsindən sonra təyin edilmişdi.

Bundan əlavə Respublika Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev də işdən çıxıb.
P.Hacıyevin işdən azad olması üçün ərizəni aprel ayının 8-də, Anar Bayramov TƏBİB-in rəhbəri təyin edilməmişdən öncə yazıb.
Tanınmış həkim bu vəzifəyə 2025-ci ilin oktyabrında təyin olunmuşdu.
Qeyd edək ki, bundan əvvəl Yeni Klinikanın direktoru, eləcə də bir neçə müşavirin işdən azad olunması barədə xəbərlər yayılmışdı. Bu dəyişikliklər səhiyyə sistemində ciddi yenilənmə prosesinin getdiyini göstərir.

Abşeron Mərkəzi Rayon Xəstəxanasının direktoru Səkinə Sadıxova da vəzifəsindən çıxarılıb. O, həmin vəzifəyə 2024-cü ilin dekabr ayında təyin olunmuşdu. S.Sadıxova ondan əvvəl TƏBİB-in İcraçı direktorunun müşaviri kimi fəaliyyət göstərib

TƏBİB iki vəzifəli şəxsi işdən kənarlaşdırılıb. Bu barədə lent.az xəbər verb. Belə ki, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov və Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov da vəzifələrindən uzaqlaşdırılıblar.
Məlumata görə, bu barədə TƏBİB-in icraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb.
Qeyd edək ki, indiyədək TƏBİB-in 10-dan çox vəzifəli şəxsi işdən azad edilib.
Bununla yanaşı, TƏBİB-in yeni icraçı direktoru Anar Bayramov tərəfindən imzalanan əmrlə qurum daxilində də dəyişikliklər aparılıb. Belə ki, müşavirlər – Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov, Vüqar Yaqublu, eləcə də Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev vəzifələrindən azad ediliblər.
